AZ

Səmasında dron uçan və durna uçan liderlər (ölkələr)

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Təpəgözün belə sonda qaynar dəmir təpilmiş bircə gözünə görə “ay gözüm, yalqız gözüm” fəryadı adamı sarsıdır. Yalqız gözüm...

Azərbaycanın 30 il susmayan xas Qarabağ fəryadı var idi, qolunda ağ cuna döymədiyi, səslənmədiyi qapı qalmadı - heç kəs, hətta məhz bu cür binəva problemlərin həllinə görə milyardlarla pul ayrıldığı fondlar, təşkilatlar da yasımızda gülabdan, toyumuzda şərabdan pay alıb getdi.

Azərbaycanı düşünün, şimalında Rusiya, cənubunda İran, bayrağında islam-milliyyət-demokratiya rəmzləri...

Sıldırım qayaları ilə çayları arasındakı bir oymaq düzənlikdən əsrlərlə milyonlarla dəvə, minlərlə boru, qatar, maşın keçirən ölkə... Əsrlərlə Şərqi qərbə, Qərbi şərqə təxliyə edən ölkə... Tapdayıb nicat tapdıqları bir ovuc torpaqda nə Şərq, nə Qərb qəvi haqqımızı tanıdı. 

Bir qərinə Azərbaycanın ən halal haqqı - bütövlük zərurətinə heç kəs məhəl qoymadı.

Azərbaycan qollarını çırmadı, qurban verdi - indi hamı əl uzadır ki, gəlin əlinizi sıxım, burada oturun.

Yalqız gözünə görə illərlə koranə dolaşsa da, yolunu azmayan Azərbaycanın yan-yövrəsi alışıb yanır. Bu məşhər alovunda hər kəs bu bir xalqlıq cənnət dilimindən nicat umur.

Bu reallıq dünyanı o qədər narahat edir ki, gənc Azərbaycan obrazını kölgədə qoymağa bir “rəssam” tapa bilmir. İllərlə Azərbaycana internet, maliyyə, barıt təzyiqi göstərən güclərə qarşı ən adekvatını tapan Azərbaycan üçün bu gün ən iyrənc xüsus seçilib. Dünyəvi müstəvidə bacarmadıqları Azərbaycanın memarı ilə məhəlli müstəvidə mübarizə aparmağa çalışılır. Əzmini Azərbaycan naminə sərgiləyən Prezidentin üstünə Azərbaycanla mübarizə apardıqları güclə gəlirlər. Dövlətə qarşı hazırlanmış arsenalın tuşlanacağı bütün hədəflər zirehləndiyindən həmin arsenalla şəxsə qarşı gəlirlər. Qurduğu dövlətdə boşluq tapa bilməyənlər Şərq elitasına xas olmayan bir metodla Prezident ailəsinə böhtan atmağa çalışırlar. Azərbaycanı bölə bilməyən, siyasət müstəvisində Azərbaycanla bacarmayanlar Prezidentdən, ailəsindən ən iyrənc müstəvidə qisas almağa çalışır. Qlobal kontekstdə bütün cəbhələrdə səfərbər olan ölkəyə qarşı sonda palçıq atmaqdan da çəkinmədilər.

Sivilizasiyadan uzaq ucqarlarda insanların bir-biri ilə savaşanda toxunmadıqları nöqtələrə belə şər yaxmaqdan çəkinməyən şəxslər cəmiyyətə zamanında sosial şəbəkə fenomenləri, gələcəyin gəncləri kimi təqdim edilirdilər. Bu gün bəşəriyyətin ən fenomenal nailiyyəti - internet və sosial şəbəkələrdən qarı dedi-qodusu, şarlatan cadu-pitisi edən bu yazıqların işi böyük təəssüf yaradır.  

Başını slavyan tabutu boyda Avropa zirzəmilərində monitorlara zilləyib yeni-yeni şantaj videoları, süni intellekt böhtanları hazırlayan gəncləri görmək ağırdır. Başlarını qaldırıb səmaya baxsaydılar... 

Alov dilimləri ilə tanrıya ismarış yollayan ölkələrin arasında üzərindən dron yox, durna uçan Azərbaycan səmasını seyr eləmək min möhtəşəm filmə baxmaqdan daha valehedicidir. Bu intəhasız “mavi ekrana” baxmaq hər kəsə nəsib olmur.

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
qafqazinfo.az

1Mənbələr