ABŞ-da fəaliyyət göstərən “Geopolitical Monitor” nəşrində yayımlanan “Qərbi Azərbaycanda Suriya saatı işləyir” adlı məqalə sadəcə fikir deyil, regionda baş verən proseslərin real təsviri kimi qiymətləndirilir. Məqalədə qeyd olunur ki, İranda davam edən müharibə ölkə daxilində yeni siyasi və hərbi coğrafiyanın formalaşmasına səbəb olur.
Bəs İranda yaranan bu yeni vəziyyət region üçün hansı riskləri yaradır? Ölkə daxilində mümkün parçalanma ehtimalı nə qədər realdır?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran politoloq Murad Sadəddinov bildirib ki, hazırda İranda baş verən proseslər nəticəsində yeni siyasi-hərbi format formalaşma mərhələsindədir. Onun sözlərinə görə, bu prosesin tam şəkildə formalaşdığını demək hələ tezdir, çünki müharibə davam edir.

Politoloq qeyd edib ki, ABŞ prezidenti sülh danışıqları ilə bağlı bəyanatlar versə də, bu məsələlərin necə və nə zaman həll olunacağı hələ də sual altındadır. Bu səbəbdən İranda proseslərin hansı istiqamətdə inkişaf edəcəyini birmənalı şəkildə proqnozlaşdırmaq çətindir.
Murad Sadəddinov vurğulayıb ki, İranın gələcəyi ilə bağlı müxtəlif ssenarilər – yeni dövlət modelinə keçid, mövcud rejimin qorunub saxlanması və ya parçalanma ehtimalı – müzakirə olunur. Lakin onun fikrincə, İranın parçalanması ehtimalı yüksək deyil. Çünki həm region ölkələri, həm də xarici güclər, o cümlədən ABŞ belə bir ssenaridə maraqlı görünmür.
Kürdlər məsələsinə toxunan politoloq bildirib ki, bu etnik qrup tarix boyu öz dövlətini qurmaq uğrunda mübarizə aparıb və regiondakı siyasi proseslərdən maksimum faydalanmağa çalışıb. Bu tendensiya Türkiyə, Suriya, İraq və İran kontekstində də özünü göstərib.
Bununla belə, Sadəddinov qeyd edib ki, kürdlər dəfələrlə böyük dövlətlərin siyasi oyunlarında alətə çevrilərək gözləntilərinin əksinə nəticələrlə üzləşiblər. Onun fikrincə, hazırda da kürdlərə müəyyən təkliflərin verilməsi ehtimalı istisna deyil, lakin onların konkret hərbi əməliyyatlarda iştirakı ilə bağlı ciddi məlumatlar mövcud deyil. Bu səbəbdən kürdlər hazırda daha çox gözləmə mövqeyindədirlər.
Dəniz Pənahova,
KONKRET.az