AZ

Asəf Quliyev: Qarabağa qayıdış çağırışları faktiki olaraq müharibə siqnalıdır

ain.az, Sherg.az saytına istinadən bildirir.

Erməni cəmiyyəti "real" və "mifik" Ermənistan arasında seçim edir

Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri yaxınlaşdıqca siyasi arenada gərginlik pik həddə çatır. Ölkənin daxili siyasi mühitində ən çox müzakirə olunan mövzulardan biri də keçmiş rejimin və "Qarabağ klanı"nın hakimiyyətə qayıdış ehtimallarıdır. “Xristian-Demokrat” partiyasının sədr müavini Levon Şirinyan mövzu ilə bağlı kəskin bəyanatlar verərək, həm revanşist qüvvələri, həm də onların Qarabağla bağlı manipulyasiyalarını sərt şəkildə tənqid edib. O, Robert Köçəryan və tərəfdarlarının siyasi gələcəyini "qaranlıq" adlandıraraq, xalqı bu cür "talançı elita"dan ehtiyatlı olmağa çağırıb: "Ermənilərin Qarabağa, Robert Köçəryanın isə Ermənistanda hakimiyyətə qayıdışı mümkün deyil. Belə bəyanat verənlər xalqı qıcıqlandırmağa və manipulyasiya etməyə çalışırlar. Əgər gedə bilirlərsə, onda belə fikir səsləndirənlərin özləri Qarabağa getsinlər. Erməniləri Qarabağa qayıtmağa “təşviq” edən bu talançılar Ermənistanda özlərinə sərvət toplayırlar..Bu oğrular və talançılar bir araya gəlib özlərini “elita” adlandırırlar. Onların İrəvan şəhərində neçə evlərinin olduğunu özünüz hesablayın”.

Qarşıdakı seçkilərdə keçmiş rejimlərin yenidən ölkə rəhbərliyinə qayıtması halında nə baş verəcəyinə gəlincə, Şirinyan qeyd edib:

“Ermənistanda yazıq xalq yenə də “Qarabağ klanı” ilə təkbətək qalacaq, onda da təsəvvür edin, nə olacaq”.

Şirinyanın sözlərinə görə, Robert Köçəryanı özünə vahid namizəd seçən radikal müxalifətin hakimiyyətə qayıtmaq şansı yoxdur: “Onların namizədi Köçəryandır, Samvel Karapetyan da guya “fokus” göstərmək istəyir. Samvelə elə çox lazım idi, bura gəlib Təhlükəsizlik Xidmətinin zirzəmisində yaşasın, Kremldən göndəriblər, o da gəlib. Nə istəmələrindən asılı olmayaraq, onlar əbədi olaraq keçmişdə qalacaqlar. Yalnız qarışıqlıq salmağı bacarırlar”.

Mövzunu şərh edən araşdırmaçı -jurnalist Asəf Quliyev Sherg.az-a bildirib ki, bu gün Ermənistanda səslənən Qarabağa qayıdış və bu kimi fikirlərin bir sinonimi də “müharibə”dir. Erməni cəmiyyəti bunu gözəl anlayır:

"Ona görə də sual belə qoyulur: Erməni cəmiyyəti müharibə istəyirmi? Sözsüz ki, bu məsələdə diaspora, Qarabağ erməniləri və Ermənistan vətəndaşlarının baxışları fərqlənir. Məhz bu fərqlilik Nikol Paşinyanı “real Ermənistan” ideyasını ortaya atmağa vadar elədi. Paşinyan Ermənistan vətəndaşlarına “real Ermənistanda” azad firavan yaşayış vəd edir. Eyni zamanda Paşinyan Qarabağ ermənilərinə də Ermənistan vətəndaşılığını qəbul edib "real Ermənistanda" yaşamaq təklif edir. Və bu təklifi qəbul edənlər var. Köçəryan və digərləri isə “mifik Ermənistan” vədd edir. Ağlı başında olan insan mifik və qeyri müəyyənlik üçün ömrünü fəda eləməz. Ona görə də Ermənistan vətəndaşı qarşıdakı seçkilərdə seçimini etməlidir. Ya Paşinyanın dediyi "real Ermənistanda: yaşamağı, ya da Koçəryanın təklif etdiyi "mifik Ermənistana" doğru qeyri-müəyyən bir yola çıxmalıdır". 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
sherg.az

1Mənbələr