AZ

Dr. Mötəz Mühi Əbdülhəmid: Körfəz ölkələri indi çətin seçim qarşısındadır Söhbət

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Seçim çətindir: ya cavab verib daha genişmiqyaslı müharibə riskini qəbul etmək, ya da gözləyərək təhlükəsizlik və sabitliyin zəifləməsinə razı olmaq

Körfəz regionunun bu münaqişəyə cəlb edilməsi İran diplomatiyası üçün böyük uğursuzluqdur

ABŞ-nin Bəsrə körfəzi bölgəsindəki müttəfiqləri - ərəb ölkələri tədricən Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarına qoşulmağa yaxınlaşırlar. Bu addım ABŞ-yə yeni hücum istiqamətləri açmaq imkanı verə bilər.

Bu barədə mənbələrə istinadla “The Wall Street Journal” məlumat yayıb.

Mənbələrə görə, Səudiyyə Ərəbistanı yaxın vaxtlarda ABŞ ordusunun ölkənin qərbində yerləşən “Şah Fəhd” hava bazasından istifadə etməsinə razılıq verib. Dəqiq vaxt bəlli olmasa da, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da İrana qarşı hücumlara qoşulmaq qərarına yaxındır.

İraqın Respublikaçı Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi tarix üzrə tədqiqatçı və İraq-Azərbaycan Dostluq Assosiyasına məxsus “Əs-Sədəqa” qəzetinin jurnalisti Dr. Mötəz Mühi Əbdülhəmid mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablayıb.

Müsahibəni təqdim edirik:

-İranın Yaxın Şərqdə Körfəz ölkələrinə qarşı mövqeyini necə oxuyursunuz?

-Yaxın Şərqdə Körfəz ölkələrinə qarşı İranın hava zərbələri artırıb. Bəzi təhlillərə görə, bu, ölkələri ABŞ ilə daha geniş ittifaqa qoşulmağa və İrana qarşı müharibənin miqyasını genişləndirməyə sövq edə bilər. Bu, enerji istehsalı baxımından həyati əhəmiyyət daşıyan bölgədə limanlara, şəhərlərə və neft obyektlərinə edilən hücumlardan sonra gündəmə gəlib. Tehranın ABŞ və İsrailin İrana qarşı hava hücumlarına cavab olaraq Körfəz ölkələrinin iqtisadi həyat damarlarını hədəf alması, bu ölkələri Vaşinqtona daha da yaxınlaşdıracaq. Onları İslam Respublikasına qarşı koordinasiyalı tədbirlər görməyə vadar edəcək. ABŞ-nin müttəfiqi olan və Ağ ev hərbi bazalarına ev sahibliyi edən altı Körfəz ölkəsinə edilən hücumların məqsədi, bu ölkələri Donald Trampa müharibəni dayandırmaq üçün təzyiq göstərməyə məcbur etməkdir. Lakin İran bu hesablamasında yanılıb.

-Ərəb ölkələri nə vaxta qədər bitərəf qalacaqlar?

-Körfəz ölkələri indi çətin seçim qarşısındadır. Birinci seçim ABŞ-nin hərbi səylərinə açıq şəkildə qoşulmaq, hava məkanını və ərazilərini istifadə üçün təqdim etmək və mümkün hərbi əməliyyatlarda iştirakdır. İkinci seçim isə öz ərazilərində daha böyük eskalasiya riskini qəbul etməkdir. Əslində, İran raketləri düşməyə başlayandan sonra bitərəflik seçimi demək olar ki, aradan qalxıb. Körfəz ölkələri “biz onlar üçün düşmənə çevrildik” vəziyyətinə gətirilib. Bu isə əvvəllər ehtiyatlı mövqe tutan ölkələri açıq şəkildə Vaşinqtonun tərəfinə keçməyə və öz ərazilərini və maraqlarını müdafiə etməyə hazırlaşmağa vadar edib.

-İranın zərbələri Körfəz birliyini hansı baxımdan gücləndirir?

-İran müharibənin ilk günündən etibarən ABŞ və İsrailin hərbi hücumlarının başladığı və ali rəhbər Əli Xameneinin öldürüldüyü gündən sonra Körfəz ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Donald Tramp bu əməliyyatların ABŞ üçün təhlükəni aradan qaldırmaq və İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq məqsədi daşıdığını bildirib. Körfəz Əməkdaşlıq Şurası fövqəladə nazirlər iclası keçirərək BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edib, “qırmızı xətlər” müəyyənləşdirib. O, artan enerji böhranı və təhlükəsizlik riskləri fonunda kollektiv müdafiəyə hazır olduğunu vurğulayıb. Şuranın Tehrana mesajı hər şeyi aydınlaşdırıb: İranın hücumları Körfəz ölkələri arasında birliyi gücləndirib. Bildirilib ki, hücumların davam etməsi Körfəzi sadəcə müdafiə qalxanından aktiv cavab meydanına çevirə bilər. Bu çərçivədə ölkələr birgə hava hücumundan müdafiə sistemlərini aktivləşdirib və regional hava məkanında kəşfiyyat uçuşlarını artırıblar.

Seçim çətindir: ya cavab verib daha genişmiqyaslı müharibə riskini qəbul etmək, ya da gözləyərək təhlükəsizlik və sabitliyin zəifləməsinə razı olmaq.

-Müharibə qlobal iqtisadiyyata necə təsir etdi?

-Risklər yalnız Körfəzlə məhdudlaşmır. Neft ixracı, dəniz nəqliyyatı yolları, enerji infrastrukturu və strateji əhəmiyyətli Hörmüz boğazı da təhlükə altındadır. Bu isə qlobal ticarətə və bazarlara ciddi təsir göstərə bilər.

Qlobal enerji bazarları son onilliklərin ən təhlükəli şoklarından biri ilə üzləşir. Raket təhdidləri səbəbindən Körfəzdə qlobal təchizatın təxminən 20 faizini təmin edən bəzi enerji obyektləri, o cümlədən Qətərdəki mayeləşdirilmiş təbii qaz müəssisələri fəaliyyətini dayandırıb. Bunun bazarlara təsiri artıq hiss olunur.

-Körfəz ölkələri müharibəyə qoşulacaqmı?

-Əgər hücumlar bu templə davam etsə və Körfəz uzunmüddətli münaqişəyə dözə bilməsə, yaxud neft daşımaları dayansa və ya Hörmüz boğazı bağlansa, digər ölkələrin müdaxiləsi qaçılmaz olacaq. Çünki qlobal maraqlar birbaşa zərər görəcək. İranın hücumlarından ən çox zərər çəkən ölkə Birləşmiş Ərəb Əmirlikləri olub. Hücumların 63 faizi onun hava limanlarını, limanlarını və neft infrastrukturunu hədəf alıb. Məlumatlara görə, ilk 48 saat ərzində 165 ballistik və qanadlı raket, həmçinin 600 pilotsuz aparat buraxılıb. ABŞ və İran arasında müharibəni bitirə biləcək danışıqların mümkünlüyü müzakirə olunarkən, Körfəz ölkələri İrandan kompensasiya tələb edir. Qeyd olunur ki, üç gün əvvəl Ər-Riyadda keçirilən xarici işlər nazirlərinin iclasında Körfəz ölkələrinin şərtləri və mövcud vəziyyətə dair qeydləri açıq şəkildə bəyan edilib. Körfəz ölkələri artıq öz mövqelərini, hüquqlarını və itkilərini əvvəlcədən müəyyənləşdirərək BMT Təhlükəsizlik Şurasına, BMT-yə və aviasiya ilə bağlı regional təşkilatlara bir neçə müraciət ünvanlayıblar.

-Onlar ABŞ-dan da təminatlar tələb edirlər.

-Bu müharibə Körfəz baxımından o halda dayanacaq ki, ABŞ-nin himayəsi və İranın razılığı ilə beynəlxalq təminat verilsin. Körfəz regionu ABŞ-İsrail-İran münaqişəsinin bir hissəsinə çevrilməsin. Bəli, qeyd olunur ki, Körfəz ölkələri İrandan açıq və aydın mövqe tələb edir. Çünki Körfəz regionunun bu münaqişəyə cəlb edilməsi İran diplomatiyası üçün böyük uğursuzluqdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
sherg.az

1Mənbələr