AZ

“Azərbaycan brendinin dünyada tanıdılması iqtisadi siyasətimizin əsas prioritetlərindəndir”

Azərbaycanda qida sektorunda fəaliyyət göstərən elə böyük şirkətlər var ki, onlar mütəmadi olaraq bir sıra beynəlxalq sərgilərdə istehsal etdikləri məhsullarla çıxış edir, dünya bazarında ölkəmiz adına uğurla rəqabət aparırlar. Buna nümunə olaraq Avrora Qrup şirkətinin cari ilin fevral ayında Moskvada öz stendi ilə çıxış edərək “Harika”, “Tanelli”, “Sladena”, “Berg”, “Kreki” və digər məhsullarını nümayiş etdirməsini göstərmək olar.

Xatırladaq ki, Prodexpo Rusiyada hər il keçirilən və yeni ticarət nişanlarının, brendlərin, innovativ qida məhsullarının təqdim olunduğu ən böyük ərzaq sərgilərindən biridir. Təkcə bir faktı qeyd edək ki, bu il sərgidə 35-dən çox ölkədən təxminən 70 000 ziyarətçi və 2000-ə yaxın iştirakçı şirkət yer alıb.

Son illər artan bu cür hallar ölkəmizdə qida sənayesinin, milli iqtisadiyyatımızın sürətli inkişafının göstəricisi sayıla bilərmi?

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bu kimi addımların mühüm əhəmiyyətə malik olduğunu bildirib:

“Azərbaycan brendinin, Azərbaycan məhsullarının tanıdılması iqtisadi siyasətimizin əsas prioritetlərindəndir. Bu istiqamətdə həm sahibkarların dəstəklənməsi, həm də onların istehsal etdikləri məhsulların xaricdə daha geniş auditoriyaya təqdimatı ilə bağlı mühüm işlər aparılır. Bu baxımdan şirkətlərimizin beynəlxalq sərgilərdə iştirak etməsi və öz məhsullarını təqim etməsi birmənalı şəkildə Azərbaycanın ixrac imkanlarının genişləndirilməsinə imkan yaradır. Bu baxında Avrora Qrupun beynəlxalq sərgilərdə uğurlu iştirakı qürurvericidir. Bu, milli iqtisadiyyatımızın inkişafından, şaxələnməsindən, rəqabət qabiliyyətinin artmasından xəbər verir.

Bir məqamı da qeyd edim ki, ənənəvi olmayan bazarlarda belə sərgilərin keçirilməsinə, bu sərgilərdə təmsil olunmağımıza xüsusilə ehtuiyac var. Çünki Azərbaycanın qeyri-neft ixracatının 49%-i, yəni təxminən yarısı cəmi iki ölkənin payına düşür.

Avropa İttifaqı, xüsusilə də körfəz ölkələri ərzaq məhsullarımızın ixracatı baxımından böyük imkanlar vəd edir. Buna görə də bu istiqamətdə təşəbbüslərin dəstəklənməsi və Azərbaycan məhsullarının həmin bazarlara daxil olması üçün həm sərgilərdə iştirak, həm də “Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində işlərin daha sistemli şəkildə həyata keçirilməsi vacibdir. Bu, sahibkarlığın inkişafını sitimulaşdırmaqla yanaşı, həm də Azərbaycana daha çox valyutanın daxil olmasına şərait yaradacaq”.

Seymur ƏLİYEV

 

Seçilən
31
1
moderator.az

2Mənbələr