AZ

Əfşar Süleymani: Qalibaf İranın adından təkbaşına qərar verən deyil

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın administrasiyası İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafı potensial tərəfdaş və mümkün gələcək lider kimi qiymətləndirir.

Bu barədə "Politico" nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Bildirilir ki, 64 yaşlı Qalibafı Ağ evdə bəzi dairələr Vaşinqtonun əməkdaşlıq edə biləcəyi əsas fiqurlardan biri kimi nəzərdən keçirir.

Məlumata əsasən, o, münaqişənin növbəti mərhələsində ABŞ administrasiyası ilə danışıqlar aparacaq mümkün liderlərdən biri kimi qiymətləndirilir.

Qeyd olunur ki, Ağ ev hələlik konkret bir namizəd üzərində dayanmaq niyyətində deyil və bir neçə potensial şəxsi paralel şəkildə dəyərləndirir.

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a İrana aid qərarları ABŞ-nin deyil, rəsmi Tehranın verəcəyini söyləyib:

"Donald Tramp özünü o tərəf, bu tərəfə çırpır. O, İranın daxili işlərinə müdaxilə etməkdən həzz alır. Amma heç nəyə nail ola bilmir. Onlar rəsmən bu adı deməyiblər. Burada bir məsələ var: İrandan danışaqlara gedəcəklərsə, kimin gedəcəyinə Tramp qərar verə bilməz. Heç bir dövlət deyə bilməz ki, İrandan filankəs gəlsin, mən onunla danışmaq istəyirəm. Bu, yerli-dibli səhvdir. Tramp özü də, administrasiyası da İran İslam sistemini tanımır və anlamır. Ona görə də biri bir söz, o biri də başqa söz deyir. O, yalan danışır, dedikləri də səhv çıxır. İndi bəzi xarici ölkələrin vəzifəliləri, xüsusilə xarici işlər nazirləri- Türkiyə, Pakistan, Misir kimi ölkələr çalışırlar ki, görüş olsun, danışıq baş tutsun. İran xalqına kömək edəcəyini deyən Tramp indi onu təhdit edir. Ondan və ümumiyyətlə xarici qüvvələrdən ölkəyə kömək çıxmaz. İran özü qərar verməlidir: kim danışığa gedir, kim dialoqun başında dayanır- bunu özü təyin etməlidir". 

Ekspert bildirib ki, Məhəmməd Baqir Qalibafı istəsəydilər göndərə bilərdilər:

"Lakin Qalibaf İranın adından təkbaşına qərar verən deyil, məclis sədridir. İranda sistem belədir: SEPAH, prezident aparatı, digər strukturlar birgə oturub qərar verirlər. Amma bu o demək deyil ki, Tramp və ya ABŞ deyə bilər ki, “bu getsin, onunla danışım”. Bunlar əsassız fikirlərdir. Eyni zamanda İran da belə şaiələri təkzib edib. Bu ortaya atılan məsələ dezinformasiyadır. Bunu ortaya atanların məqsədi var: İran hakimiyyəti daxilində ixtilaf salmaq, şübhə yaratmaq. Niyə məhz Qalibafı dedikləri də maraqlıdır. Çünki o, uzun illər yüksək vəzifələrdə olub, təsirli fiqurdur. Amma bu o demək deyil ki, kənardan onun üzərindən qərar verilə bilər. İndi İranda Tramp-a heç bir etimad, inam yoxdur. Onu fırıldaqçı, sözündə durmayan biri kimi görürlər. Məsələn, elektrik stansiyalarını vurmaqdan danışırdı- halbuki bunlar mülki obyektlərdir və belə hədəflər vurulmamalıdır. İran isə deyib ki, qarşılıq verəcək. Ona görə də qərar kollektiv şəkildə veriləcək və kim gedəcəksə, o da bu qərarla gedəcək. İndiyə qədər də əsasən xarici işlər naziri səviyyəsində danışıqlar olub. Hər iki danışıqdan sonra İran deyib ki, aldadılıb və hücuma məruz qalıb. Yəni İranda Trampın sözünün dəyəri yoxdur. Çünki o, nə prezident kimi, nə siyasi fiqur kimi özünü sabit aparıb. Sadəcə ortaya sözlər atır, vaxt qoyur, sonra dəyişir. Bəzən də bunu enerji bazarını, neft qiymətlərini idarə etmək üçün edir".

Sabiq səfir Trampın planının vaxt qazanmaq olduğunu vurğulayıb: 

"İran bunu anlayır və onun tələsinə düşmür. Onun məqsədi həm də daxildə qarışıqlıq yaratmaqdır- kim gedəcək, kim danışacaq və s. Digər tərəfdən İran öz şərtlərini qoyub: təhlükəsizlik zəmanəti, hücumların dayandırılması, Hörmüz boğazı üzərində nəzarət və nüvə məsələsində öz hüquqlarının tanınması. Nüvə zənginləşdirməsi məsələsində də deyirlər ki, bu, yanacaq məqsədlidir və müəyyən səviyyədə razılaşma mümkündür. ABŞ daxilində də bununla bağlı mübahisələr var. BMT daxilində bəzi şəxslər deyirlər ki, İran nüvə silahına getmirdi. Hətta keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərləri belə Trampı tənqid ediblər. Bu onu göstərir ki, Trampın çıxışları ya səhvdir, ya da yalan. Bu artıq dünyada da görünür. Tramp tez-tez fikrini dəyişir, düşünmədən danışır, mütəxəssislərə qulaq asmır. Əgər yenə danışıqlar olacaqsa, İran əvvəlcə şərtlərini qoyacaq. Amma indiki vəziyyətdə həm müharibə, həm də danışıq paralel gedir. Bu isə nəticə vermir. Çünki müharibə gedən vaxt danışıqlar effektiv olmur. Tramp isə eyni anda həm təzyiq edir, həm danışıq təklif edir. Bu isə etimadı daha da azaldır. Ona görə də belə davam etsə, hətta onun siyasi vəziyyəti də zəifləyə bilər. 

Analitik qeyd edib ki, Tramp bir nəfərlə hər şeyi həll edə biləcəyini hesab edir:

"O bu yanaşma ilə heç nəyə nail olmayacaq. Müharibə ilə sülh qurmaq mümkün deyil. Güc yalnız hərbi deyil- iqtisadi, diplomatik, siyasi və digər sahələr də var. Tramp isə daha çox hərbi gücə fokuslanır və bu yanaşma düzgün nəticə vermir. Ona görə də o bu siyasətlə nə İrana istədiyini qəbul etdirə bilər, nə də bölgədə sabitlik yarada bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
sherg.az

1Mənbələr