Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Uzun illərdir Amerikada yaşayan azərbaycanlı müğənni Elariz Məmmədoğlu Novruzla bağlı qalmaqallı fikirlər səsləndirib.
KONKRET.az xəbər verir ki, sənətçi iddia edir ki, bu bayram “Novruz bayramı” deyil, “Bahar bayramı” adlandırılmalıdır:
“Bəzən elə olur ki, böyük bir xalqın əksəriyyəti eyni fikri səsləndirir, amma bir nəfər çıxıb fərqli və məntiqli danışır. Əgər onun dediklərində həqiqət, arqument və məntiq varsa, sonda hamı etiraf edir ki, bu adam düz deyir.
Bax, siz deyirsiniz “Novruz bayramı”, mən isə deyirəm “Bahar bayramı”. Mən bunu hər yerdə deyirəm, çıxışlarımda da, konsertlərdə də, toylarda da. Amma böyük əksəriyyət “Novruz bayramı” deyir. Deyirsiniz ki, min illərdir, yüz min illərdir bahar gəlir.
Axı baharın qarşısını almaq mümkün deyil. Hər ilin müəyyən vaxtında bahar gəlir. Qədimdə təqvim olmasa da, indiki təqvimlə bu, martın 20-si, 21-i tarixlərinə düşür. Bahar gələndə insanın qanı da qaynayır, təbiət də oyanır. Bu dövrdə yeyilən şirniyyatlar, qoz-fındıq və digər nemətlər də insan orqanizmi üçün lazım olan şeylərdir”.
Müğənni “Novruz” sözünün fars mənşəli olduğunu vurğulayaraq bu bayramın adının “Bahar bayramı” kimi təqdim edilməsinin daha doğru olacağını deyib:
“Niyə biz baharın gəlişini yad sözlərlə adlandırmalıyıq? Niyə bunu fransızlaşdırmalı, ingilisləşdirməli, ruslaşdırmalı, italiyanlaşdırmalı, farslaşdırmalıyıq?! “Nov” farsca “yeni”, “ruz” isə “gün” deməkdir. Elə “Novruz” da “yeni gün” mənasını verir. Məsələn, İranda qəzetə “ruznamə” deyirlər, çünki hər gün çıxır. Yaxud “Allah ruzunu bol eləsin” deyəndə də “gündəlik qazancını bol eləsin” nəzərdə tutulur.
Yəni “Novruz” fars sözüdür. Farslar da oturub bizə gülürlər ki, bütün türk dünyası bizim bayramımızı qeyd edir. Bu, bizə lazımdırmı? Vaxtilə ruslar bizi öz təsiri altına salmağa çalışırdı, indi də farslar.
Əgər biz bu bayramı baharın gəlişi ilə bağlı “Bahar bayramı” adlandırsaq, bu, bütün türk dünyasına nümunə ola bilər. Türk dünyasının dövlətləri də bu bayramı “Bahar bayramı” kimi təqdim edə bilərlər və biz bu məsələdə örnək ola bilərik.
Əgər bunu mən – Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmiş bir adam anlayıramsa, bəs bu qədər vəzifəli şəxslər, rəhbərlər, onların birinci, ikinci, üçüncü müavinləri niyə bunu anlamırlar?!
Özünüz bilərsiniz, mən sadəcə fikrimi deyirəm. Amma zaman gələcək, görəcəksiniz ki, deyilən sözün həqiqət payı var. Bu bayramın adı “Novruz” yox, “Bahar bayramı” olmalıdır”.
Qeyd edək ki, 2017-ci ilin yazında Elariz Məmmədoğlunun xanımı “Green Card” lotereyasında qalib gəlib və onlar ABŞ-da daimi yaşamaq hüququ verən sənəd alıblar. 2019-cu ilin əvvəlində ABŞ-a köçən sənətçi Nyu-York restoranlarının birində çalışır. O, Amerikada bir çox azərbaycanlıların toylarını idarə edir.\\yenisabah
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.