ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Neft qiymətlərinin artımı fonunda Rusiya büdcəsinin gəlirlərinin əhəmiyyətli dərəcədə yüksələcəyi gözlənilir.
Qaynarinfo xəbər verir ki, "Reuters"in məlumatına görə, apreldə neft və qaz gəlirləri mart ayı ilə müqayisədə 70% artaraq 0,9 trilyon rubla çata bilər.
Nəşr yazır ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi nəticəsində beynəlxalq bazarda neftin qiyməti fevralın sonundakı təxminən 70 dollardan 100 dollardan yuxarı səviyyəyə yüksəlib.
Mənbələrin bildirdiyinə görə, qiymət artımı Rusiya hökumətinə uzunmüddətli büdcə ehtiyatlarının artırılması planını təxirə salmağa imkan verib. Bu, Rusiyanın iqtisadi çətinliklərə və sanksiyalara baxmayaraq, mövcud geosiyasi vəziyyətdən fayda əldə edən azsaylı ölkələrdən biri olduğunu göstərir.
Məlumata əsasən, əgər neftin qiyməti 75 dollar səviyyəsində qalarsa, bu, 2025-ci ilin oktyabrından bəri ən yüksək aylıq gəlir göstəricisi olacaq.
Müharibədən əvvəl Rusiya hökuməti neft gəlirlərinin böyük hissəsini ehtiyat fonduna yönəltməyi və büdcə üçün nəzərdə tutulan "baza qiymətini” aşağı salmağı planlaşdırırdı. Hazırda bu hədd 59 dollar təşkil edir və bu göstəricidən yuxarı olan gəlirlər Milli Rifah Fonduna yönəldilir.
Lakin mənbələrin sözlərinə görə, hökumət bu həddi dəyişdirməyi hələlik təxirə salacaq. Bunun üçün qanunvericiliyə dəyişiklik tələb olunduğundan, qərarın ən tez 2027-ci ildə qəbul ediləcəyi ehtimal olunur.
Büdcə mexanizmi belə işləyir: əgər neftin orta aylıq qiyməti baza səviyyəsindən aşağı olarsa, yaranan kəsir ehtiyat fondu hesabına bağlanır. Əks halda, əlavə gəlirlər fonda yığılır.
Eyni zamanda bəzi yüksək vəzifəli şəxslər bu il üçün baza qiymətinin dəyişməyəcəyini və xərclərin azaldılmasının da sual altında olduğunu bildiriblər.
Qeyd olunur ki, Rusiyanın ehtiyat fondu əsasən xarici valyutada, xüsusilə də yuanla saxlanılır və bu, ölkənin valyuta bazarına ciddi təsir göstərir. Hökumətin yeni qiymət həddi müzakirə olunarkən fonddan valyuta satışını müvəqqəti dayandırması mart ayında rublun dollara qarşı 6% ucuzlaşmasına səbəb olub.
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina isə bildirib ki, neft qiymətlərinin artımının iqtisadiyyata təsirini qiymətləndirmək üçün hələ tezdir.
Ekspertlər hesab edir ki, İranla bağlı böhran qəfil başa çatsa belə, risk amilləri səbəbindən neft qiymətləri bir müddət yüksək qalmağa davam edə bilər.
Aydın
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.