"2026-cı il iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri təkcə yeni parlamentin və ölkəni idarə edəcək siyasi komandanın formalaşması ilə məhdudlaşmır. Bu seçkilər, eyni zamanda, ölkənin gələcək kursunun – müharibə, yoxsa sülh yolunun seçilməsi baxımından da həlledici əhəmiyyət daşıyır. Seçki ərəfəsində Ermənistanın daxili siyasi mənzərəsinə və hakimiyyətə iddialı qüvvələrin məqsədlərinə nəzər saldıqda, bəzi siyasi blokların daha sərt və radikal mövqe sərgilədiyi görünür. Çarukyan, Karapetyan və Köçəryan ətrafında formalaşan siyasi qüvvələr faktiki olaraq “müharibə tərəfdarı blok” kimi çıxış edirlər. “Hayastan” blokunun namizədi Robert Köçəryanın “birlikdə bacaracağıq” şüarı da bu kontekstdə diqqət çəkir və müəyyən mənada revanşist yanaşmanın ifadəsi kimi qiymətləndirilə bilər. Lakin reallıq ondan ibarətdir ki, Ermənistan daxilində müxtəlif qüvvələr nə qədər birləşsələr də, Azərbaycanın mövcud hərbi-siyasi üstünlüyü fonunda hər hansı yeni müharibədə uğur qazanmaq imkanları son dərəcə məhduddur. Bu baxımdan, səsləndirilən çağırışlar daha çox xaricdəki erməni diasporu, kilsə strukturları və bəzi xarici dairələrin dəstəyi ilə güc toplamaq niyyəti kimi dəyərləndirilə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, hakim Mülki Müqavilə Partiyası seçkilərdə üstünlük əldə etməzsə, ölkə “dağıdıcı müharibə” riski ilə üz-üzə qala bilər. Xarici işlər naziri Ararat Mirzoyan isə vurğulayıb ki, bu risk əsasən seçkilərdən sonra mümkün eskalasiya ehtimalı ilə bağlıdır və bəzi müxalif qüvvələrin mövqeyi gərginliyin artmasına səbəb ola bilər. Onun sözlərinə görə, Ermənistan hazırkı mərhələdə sülh gündəliyinə üstünlük verir. Bu çərçivədə ölkə Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməyə çalışır, yeni hərbi dəstək imkanlarını nəzərdən keçirir və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində dialoqu davam etdirir.
Deputat qeyd edib ki, eyni zamanda regionda gərginliyin yenidən artmasında maraqlı olan qüvvələrin mövcudluğu da istisna edilmir.