Financial Times nəşri Fars körfəzində artan gərginlik fonunda yaxın günlərdə qlobal miqyasda qaz çatışmazlığı riskinin qaçılmaz ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bəs böhran daha da dərinləşərsə, Avropa ölkələri alternativ qaz mənbələrini hansı yollarla təmin edə bilər? Ümumiyyətlə, belə bir təhlükənin reallaşması nə dərəcədə real görünür?
“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında politoloq Elşən Manafov bildirib ki, ABŞ və İsrailin İrana qarşı təcavüzünün Hörmüz boğazının logistik imkanlarının məhdudlaşmasına gətirib çıxaracağı əvvəlcədən bəlli idi.
Onun sözlərinə görə, boğazın dəniz hüququ baxımından beynəlxalq tranzit statusunu təsdiq edən konvensiya 1982-ci ildə BMT səviyyəsində qəbul edilsə də, İran onu hələ də ratifikasiya etməyib, baxmayaraq ki, sözügedən müqaviləni imzalayıb. Bu isə İrana lazım bildiyi anda Hörmüz boğazını bağlamaq imkanı verir. Boğazın ümumi uzunluğu 167 km olsa da, onun ən dar hissəsi 33-50 km təşkil edir ki, bu da İrana boğazdan keçən gəmilərə nəzarət imkanlarını artırır.
“Məlumdur ki, bu boğaz enerji daşıyıcılarının qlobal miqyasda təchizatı və nəqlində dünya logistikasının əsas arteriyalarından biridir. Onun bağlanacağı və ya keçid imkanlarının məhdudlaşdırılacağı təqdirdə dünya üzrə enerji daşıyıcılarının qiymətlərinin artacağı birmənalıdır. Bununla belə, boğaz Avropa ilə müqayisədə daha çox Asiya dövlətlərinin enerji təchizatında mühüm rol oynayır. Ukrayna müharibəsinə qədər Avropanın qaz təchizatında Rusiya mühüm yer tuturdu. Avropa İttifaqı istehlak etdiyi qazın təxminən 35%-ni Rusiyadan alırdı. Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra isə bu pay azalıb və hazırda təxminən 14%-ə düşüb. Hazırda Avropa İttifaqı qazın əsas hissəsini ABŞ-dan, daha sonra Norveç, Əlcəzair və Nigeriyadan idxal edir. Aİ-nin qaz təchizatının cəmi 3%-i Hörmüz boğazından keçirdi ki, bu da əsasən İran və Qətərə məxsus enerji daşıyıcıları idi. Son hadisələrlə əlaqədar bu ölkələrdən Avropaya qaz nəqlində problemlər yarandığı üçün Aİ ölkələrində qazın qiymətləri artıb. Bununla belə, qiymət artımının əsas səbəblərindən biri ABŞ-dır”, - deyə, o, bildirir.
Politoloq qeyd edib ki, Ukraynadakı müharibədən istifadə edən ABŞ Rusiyanın Aİ-dəki inhisarçı mövqeyinə ciddi zərbə vurmuş və Avropanı ABŞ-da istehsal olunan mayeləşdirilmiş qazı almağa yönləndirmişdir. Bu qaz isə daha baha başa gəlir: “Beləliklə, müasir geosiyasi proseslərin arxasında yalnız Ağ ev deyil, həm də ABŞ və Britaniyaya məxsus iri korporasiyalar və monopolist birliklər dayanır. İrana qarşı təzyiqlərin arxasında da BP, “Chevron”, “Shell”, “Amoco” kimi şirkətlərin maraqları göstərilir. Prezident Tramp da bu maraqların təmsilçisi kimi çıxış edir və enerji resursları ilə zəngin ölkələr hədəfə alınır. Əvvəl Venesuela, daha sonra isə İran. Bu ölkələrin hədəfə çevrilməsi həmin dövlətlərin siyasi elitalarının milli sərvətləri xarici korporasiyalara onların diktə etdiyi şərtlərlə satmaqdan imtina etməsi ilə bağlıdır. Məsələn, İranda Məhəmməd Musəddiq hökuməti 1951-ci ildə BP-yə məxsus nefti milliləşdirəndə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi “Ayaks” əməliyyatı vasitəsilə bu hökuməti devirmişdi. Hörmüz boğazı ətrafında gərginlik davam edərsə, qlobal miqyasda enerji qiymətlərinin artacağı qaçılmazdır. ABŞ enerji böhranı vasitəsilə əsas rəqibi olan Çin iqtisadiyyatına təsir göstərməyə çalışır. Çin enerji idxal edən ölkə kimi aşağı qiymətlərdə maraqlıdır.
İran isə Hörmüz boğazını bağlasa belə, Çin və Hindistana enerji daşıyan tankerlərin keçidinə şərait yarada bilər. Bundan əlavə, enerji ticarətində hesablaşmaların dollarla deyil, yuanla aparılmasını təklif edir ki, bu da dolların mövqeyinə ciddi təsir kimi qiymətləndirilir. Bu tendensiyanın genişlənməsində isə Rusiya başda olmaqla BRİKS ölkələri maraqlıdır”.
Telegram kanalımız