AZ

“Apple”in 20 illiyində radikal dəyişikliklər Qatlanan “iPhone”da “iPad” tipli interfeys

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-nin texnologiya nəhəngi “Apple” “iPhone” martfonlarında ən böyük yenilənmələrdən birinə hazırlaşır. Şirkətin ilk qatlanan “iPhone” modeli üçün xüsusi proqram təminatı və yeni dizayn üzərində işlədiyi bildirilir.

Bakupost.az xəbər verir ki, bu barədə məsələ ilə tanış mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Məlumata görə, hazırlanmaqda olan qatlanan “iPhone” açıldıqda adi smartfondan daha böyük ekran təqdim edəcək və interfeys baxımından planşetlərə bənzər istifadə təcrübəsi yaradacaq. Bildirilir ki, cihaz açıq vəziyyətdə “iPad” tipli interfeysə malik olacaq və istifadəçilərə eyni anda bir neçə tətbiqlə işləmək imkanı verəcək. Bu yanaşma cihazı yalnız telefon deyil, həm də kompakt planşet funksiyasını yerinə yetirən qurğuya çevirə bilər.

Mənbələrin sözlərinə görə, yeni model üçün iOS əməliyyat sisteminin gələcək (iOs-27) versiyalarında böyük ekranlara uyğun funksiyalar genişləndiriləcək. Xüsusilə çoxpəncərəli iş rejimi, tətbiqlərin paralel istifadəsi və geniş ekranın daha səmərəli idarə olunması üçün yeni proqram həllərinin hazırlanması nəzərdə tutulur.

İlk qatlanan “iPhone” modelinin təqdimatının 2026-cı ildə baş tutacağı ehtimal edilir. Bununla yanaşı, mühəndislər çevik displeylərdə yaranan qat izinin azaldılması üzərində işləyir. Qatın tam aradan qaldırılması hələ mümkün olmasa da, son prototiplərdə onun nəzərəçarpacaq dərəcədə azaldıldığı bildirilir.

Bundan əlavə, “Apple”ın daha uzunmüddətli planları da açıqlanıb. Məlumata görə, şirkət 2027-ci ildə – iPhone-un təqdimatının 20 illiyi münasibətilə daha radikal dizayna malik model hazırlayır. Bu cihazın tam çərçivəsiz ekranla təchiz ediləcəyi və kameranın birbaşa ekranın altına yerləşdiriləcəyi bildirilir. Belə texnologiya tətbiq edilərsə, cihazın ön panelində heç bir kəsik və ya sensor sahəsi görünməyə bilər.

Ekspertlərin qiymətləndirməsinə görə, qatlanan model üçün “iPad” tipli interfeys və genişləndirilmiş iOS funksiyaları mobil cihaz bazarında yeni mərhələ yarada bilər. Bu cür yanaşma smartfon və planşet arasında sərhədləri daha da zəiflədə və istifadəçilərə yeni iş imkanları təqdim edə bilər.

Hazırda “Apple” tərəfindən bu planlarla bağlı rəsmi açıqlama verilməyib və yayılan məlumatlar şirkətə yaxın mənbələrin iddiaları kimi qiymətləndirilir.

Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
www.bakupost.az

1Mənbələr