AZ

Rusiya dostlarını paradda gözləyir - Azərbaycan iştirak edəcəkmi...

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva 9 mayda Qələbə Günü hərbi paradında dost ölkələrin liderlərini görməkdən məmnun olardı. Musavat.com-un xəbərinə görə, Kreml sözçüsü faşizm üzərində Qələbə ilə bağlı hərbi parad olacağını açıqlayıb. "Bilirsiniz ki, ənənəvi olaraq 9 may şənliklərində dost ölkələrdən olan dostlarımızı ən geniş dairədə görməkdən məmnun olacağıq”, - deyə Peskov RİA Novosti-nin sualını cavablandırarkən vurğulayıb.

Yada salaq ki, ötən il Prezident İlham Əliyev paradda iştirak etməyib. Bu il iştirak edəcəyi barədə hələlik rəsmi məlumat verilməyib. Prezidentin ötən il Moskva paradında iştirak etməməsinin səbəbi məlum idi. Bu o zaman idi ki, təyyarəmizin vurulmasından 5 ay keçir, ölkəmizə kiberhücumlar, təhdidlər davam edir, Rusiyadakı soydaşlarımıza təzyiqlər davam edirdi. Paraddan geridə qalan bu bir ilə yaxın müddətdə isə Bakı -Moskva münasibətləri dalğavari olub. Bu zaman kəsiyində həm gərginlik yaşanıb, həm hökumət rəsmiləri səviyyəsində təmaslar olub. Sonuncu dəfə - martın 11-də Rusiya lideri azərbaycanlı həmkarına zəng edib.

Hərbçilərimiz

Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib. Dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. Strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq Azərbaycanla Rusiya arasında qarşılıqlı fəaliyyətin müxtəlif sahələrdə gələcək inkişafında qarşılıqlı niyyət təsdiqlənib. Liderlər səviyyəsində bu telefon görüşü iki ölkə arasında münasibətlərin normallaşma mərhələsinə daxil olduğu təəssüratı yaradır.

Buna qədər isə Rusiya baş nazirinin müavini Aleksey Overçuk və xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda prezidentin qəbulunda olub. Belə bir səfərin reallaşması da Bakı-Moskva xəttində "soyuq küləklər"in səngidiyi qənaəti formalaşdırır.  Ancaq rəsmi Bakının vurulan təyyarə ilə bağlı tələbləri hələ də yerinə yetirilməyib. Bu da Azərbaycan Prezidentinin builki 9 may paradında iştirak edib-etməyəcəyi ilə bağlı açıq suallar qoyur. Lakin Qələbənin 80 illiyinə həsr olunmuş paradda Azərbaycan 80 hərbçi ilə təmsil olunmuşdu. Əgər Azərbaycan rəhbərliyi parada getməsə belə, 81 hərbçimizin orada iştirakı istisna deyil.

İran

Onu da demək lazımdır ki, Qələbə paradında Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak ehtimalı isə yüksəkdir. O, ötən il də Qırmızı meydanda idi. Üstəlik, Putinlə Paşinyan arasında az əvvəl telefon söhbəti olub. Bundan başqa, seçkilər ərəfəsində Paşinyan parada getməməklə Kremli qəzəbləndirmək istəməz. Ancaq Moskva paradına bir də regional və qlobal təhlükəsizlik kontekstində baxmaq, lazımdır. Hazırda regionda gərginlik ən yüksək səviyyədədir və eskalasiyalar davam edir. Parada hazırlaşan ölkə Ukraynada beşinci ildir ki, hərbi əməliyyatlar aparır. Onun müttəfiqi İran isə ABŞ və İsraillə bir aya yaxındır ki, müharibə edir. Belə bir gərginlik fonunda hərbi paradın təşkili isə dünyada təhlükəsizlik məsələsini daha da aktuallaşdırır...

 

Emil Salamoğlu
Musavat.com

Seçilən
9
12
musavat.com

10Mənbələr