AZ

Tanınmış aparıcı: “Bu mesajlara inanmayın...”

Azərbaycanda son dövrlər geniş yayılmağa başlayan kiberdələduzluq halları artıq tanınmış simaları da hədəfə almağa başlayıb.

Musavat.com bildirir ki, tanınmış aparıcı Aytən Səfərova da bu cür təhlükəli dələduzluqla qarşılaşdığlnı deyib.

Aparıcının sözlərinə görə, cəmi bir neçə dəqiqə ərzində telefonuna çoxsaylı tanış kontaktlardan bildirişlər daxil olub. Həmin mesajlarda guya "Araz" supermarketlər şəbəkəsi adından kampaniya keçirildiyi, istifadəçilərə isə “iPhone 17 qazanmaq imkanı” təqdim olunduğu qeyd edilib. Mesajın əsas şərti isə olduqca şübhəli olub – linkə daxil olmaq və onu ən azı 15 nəfərə göndərmək.

Picture

Aytən Səfərova bildirib ki, ilk anda bu təklif diqqətini çəkib və müəyyən qədər maraq doğurub:

“Doğrusu, əvvəl şirnikləndim. Çünki mesaj tanıdığım insanlardan gəlirdi və real təsir bağışlayırdı. Amma sonra özümə "stop" dedim və məsələnin mahiyyətini yoxlamağa qərar verdim.

Dərhal Veysəloğlu Şirkətlər Qrupu ilə əlaqə saxladım. Şirkətdən mənə rəsmi şəkildə bildirildi ki, belə bir kampaniya mövcud deyil və yayılan məlumatlar tamamilə saxtadır, bu sadəcə dələduzların növbəti oyunudur. Ona görə də aldanıb belə linklərə daxil olmayın. Sonra deməyin ki, şəxsi məlumatlarım oğurlandı və ya kartımdan pul çıxıldı. Hər kəs ayıq-sayıq olmalıdır”.

Qeyd edək ki, mütəxəssislər də bildirir ki, son aylarda bu tip “kampaniya” adı altında yayılan saxta linklərin sayı xeyli artıb. Bu linklər vasitəsilə istifadəçilərin telefonuna zərərli proqramlar yüklənə, sosial şəbəkə və bank hesablarına giriş əldə oluna bilər. Xüsusilə “tanışdan gələn mesaj” effekti insanların diqqətini yayındıraraq onları daha tez aldanmağa vadar edir.

Qeyd edək ki, rəsmi qurumlar və şirkətlər dəfələrlə vətəndaşlara müraciət edərək bildiriblər ki, bu cür kampaniyalar yalnız rəsmi saytlar və təsdiqlənmiş platformalar üzərindən elan olunur. Şübhəli linklər, xüsusilə də paylaşım tələb edən mesajlar isə əksər hallarda dələduzluq məqsədi daşıyır.

Xalidə Gəray
Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr