Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.
Aznews.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi barədə məlumat verdi.
Qeyd edək ki, Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin tapşırığına əsasən “AzərEnerji” ASC tərəfindən 100 faiz daxili maliyyə vəsaiti hesabına iki əsas yarımstansiyada - 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb. Belə miqyasda bu cür mərkəzlərin qurulması yalnız Azərbaycanda deyil, ümumilikdə MDB regionunda ilkdir.
Layihə çərçivəsində “Abşeron” Batereya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlərin (ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA) apardıqları araşdırma Azərbaycanda təxminən 1850 MVt gücündə bərpaolunan enerji mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu cür batareya sistemlərinin yaradılmasının zəruri olduğunu göstərib.
Batareya Enerji Saxlanc Mərkəzi çevikliyi ilə seçilir. Belə ki, onlar 2 saat ərzində tam doldurula və ya boşaldıla bilər. Artıq enerji, o cümlədən günəşli saatlarda istehsal olunan enerji burada toplanır və pik saatlarda - enerjiyə tələbat artan zaman avtomatik olaraq şəbəkəyə verilir. Bir sözlə, bu sistemlər enerjini yığıb saxlayır, lazım gəldikdə isə onu istifadəyə yönəldir.
Belə Mərkəzin tətbiqi enerji şəbəkəsinə bir çox üstünlüklər verir. Məsələn, SCADA sistemi ilə enerji sisteminə real vaxt rejimində nəzarət olunur, şəbəkədə sabitlik, o cümlədən tezlik və gərginlik qorunur, qəfil enerji çatışmazlıqları avtomatik tənzimlənir, qəzaların təsiri azalır və sistem daha etibarlı olur. Bundan başqa, pik saatlarda elektrikə tələbat daha rahat qarşılanır, Günəş və külək enerjisindəki fasilələrin təsiri azalır, enerji sisteminin sıfırdan bərpası mümkün olur. Eyni zamanda, Günəş batan saatlarda yük dəyişiklikləri daha rahat idarə edilir.
Bir sözlə, Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması Azərbaycanın enerji sistemini daha müasir, çevik və dayanıqlı edir. Xüsusilə Günəş və külək enerjisinin artdığı bir dövrdə bu cür saxlanc sistemləri gələcəyin enerji modelinin əsas hissəsi hesab olunur.
“Abşeron” Batereya Enerji Saxlanc Mərkəzində bu sistemləri idarə etmək üçün xüsusi mərkəz yaradılıb.
Ərazidə müasir idarəetmə binası tikilib, geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.
Dövlətimizin başçısına bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası və enerjisistemin rəqəmsal transformasiyası haqqında da məlumat verildi.
Bildirildi ki, yaxın perspektivdə böyük həcmli bərpaolunan enerji mənbələri enerjisistemə inteqrasiya ediləcək və 2028-ci ildə ümumilikdə 2100 MVt-dan çox yaşıl enerji artıq şəbəkədə olacaq.