AZ

Rusiya qadağalar ölkəsinə çevrilir: Azərbaycanlılar iş üçün yeni ölkələr tapıb

Rusiya Dövlət Duması miqrantlar üçün patent və müvəqqəti yaşayış icazələrinin (MYİ) verilməsi şərtlərini dəyişdirən qanun layihəsini birinci oxunuşda qəbul edib. 

Rusiya hökumətinin irəli sürdüyü layihəyə əsasən, "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" Qanuna dəyişikliklər təklif olunacaq. Bu təklifə görə, miqrant işçi hazırda olduğu kimi yalnız özləri üçün deyil, həm də Rusiyada olan bütün ailə üzvləri üçün sabit avans vergisi ödəməli olacaq. 

Miqrant işçi və onun ailə üzvləri üçün Rusiyada qalma müddəti əmək müqaviləsinin müddəti ilə müəyyən ediləcək. Xarici vətəndaşın əmək müqaviləsinə xitam verilibsə, 18 yaşına çatmış uşaqları Rusiyanı 30 gün ərzində tərk etməlidirlər. 

Miqrantın gəliri haqqında məlumat yoxdursa və ya alınan ümumi gəlir miqrant və hər bir ailə üzvü üçün yaşayış minimumundan azdırsa, xarici vətəndaş üçün patent və ya iş icazəsinin ləğv ediləcəyi nəzərdə tutulur. 

Həmçinin əcnəbilərin müvəqqəti yaşayış icazəsi və ya daimi yaşayış icazəsi almaq şərtlərinin yenidən nəzərdən keçirilməsi təklif olunur. Cari il ərzində görülən işlər 10 aydan az davam edərsə, bu sənədlər verilməyəcək və ya ləğv ediləcək. 

Qanuna edilən bu dəyişikliklər Rusiyada yaşayan azərbaycanlılar üçün problem yaradacaqmı? Azərbaycanlıların başqa hansı ölkələrdə çalışmaq imkanı var?

Məsələ ilə bağlı millət vəkili Azər Allahverənov "Cebheinfo.az"-a bildirib ki, istənilən halda bu, Azərbaycandan gedib Rusiyada əmək fəaliyyəti ilə məşğul olan şəxslər və onların ailə üzvlərinə toxunan qanun layihəsidir: 

“Əgər birinci oxunuşdan keçibsə, böyük ehtimalla Rusiya hökuməti belə bir qanunun qüvvəyə salınmasında çox maraqlıdır. O da bəllidir ki, Dövlət Dumasında müxtəlif siyasi mərkəzlər, həm də siyasi partiyalarla bağlı olan qruplar var. Faktiki olaraq miqrantlarla bağlı hər zaman sərtləşdirici qaydaların tətbiq olunması üçün qanun layihələri ilə çıxış edirlər.

Əksər hallarda bu qanun layihələri qəbul olunur. Bu, o deməkdir ki, Rusiya hökumətinin özünün miqrantlarla bağlı bir yanaşması var və bu ilkin mərhələdə daha çox qanunsuz miqrantlarla mübarizə formatında və ya məqsədilə təşkil olunur. 

İndiki şəraitdə daha çox belə bir prinsip tətbiq olunur ki, ölkə ərazisində  daimi əsaslarla yaşayan hər bir miqrant Rusiya iqtisadiyyatına potensial töhfə verə biləcək şəxs olsun. Bu da əmək fəaliyyəti ilə məşğul olan miqrantların ailə üzvlərinə də şamil olunur. Məsələn, 18 yaşa çatmış şəxsin ölkə ərazisini tərk etməsinə dair qadağanın tətbiqi bilavasitə onunla bağlıdır ki, həmin şəxs faktiki olaraq indiki şəraitdə valideynlərinin malik olduqları müvəqqəti yaşamaq icazəsi əsasında ölkə ərazisində yaşayırlar. 

Onların 18 yaşı tamam olsa belə, ailə üzvlərinin yaşamaq icazəsi olması onun ölkədə qanuni əsaslarla yaşaması üçün əsas yaradır. İndi Rusiya hökuməti fikirləşir ki, 18 yaşa çatmış şəxsin faktiki olaraq ölkə iqtisadiyyatına töhfə verə biləcək şəxs qismində yaşaması üçün şərait yaradılması ilı bağlı nə etmək olar? 

Həmin qadağanın tətbiq edilməsi vadar edəcək ki, 18 yaşına çatmış şəxs ölkə ərazisində qalmaq üçün ya ali təhsil müəssisəsinə getməli, yəni tələbə olaraq müvəqqəti yaşamaq üçün icazə almalıdır. Digər bir amil isə odur ki, həmin şəxs əmək fəaliyyəti ilə məşğul olursa, xüsusi şərtlərin olması mütləqdir”. 

İstənilən halda görünən odur ki, Rusiya hökuməti israrlı şəkildə qadağaları tətbiq etməklə yanaşı, həm də öz maraqlarına uyğun bir şəraitin yaradılmasında maraqlıdır: 

“Yeni qanunda gəlirlə bağlı məqam da öz əksini tapır. Göründüyü kimi, bütün məsələlərin kökündə iqtisadi amil durur. Bu da Rusiya hökumətinin daha çox miqrant qruplarından əldə olunacaq mənfəətə hesablanacaq bir yanaşmanın mövcudluğundan xəbər verir”. 

Rusiyada yaşayan azərbaycanlılara gəldikdə isə millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, bu, hamıya şamil olunacaq bir qaydadır: 

"Burada ayrıca bir yanaşma yoxdur. Əminəm ki, Rusiyanın aidiyyəti strukturları bu istiqamətdə zəruri araşdırmalar aparmaqla, bunun ölkə iqtisadiyyatına nə kimi  töhfə verəcəyi ilə bağlı bir əsaslandırması var. Ancaq təcrübə göstərəcək ki, hansı yeni trendlər formalaşacaq. 

Böyük ehtimalla təhsil, 18 yaşla bağlı əmək müqaviləsinin bağlanması və digər məsələlər onların ölkə ərazisində qalmasını şərtləndirəcək. Ancaq bütövlükdə zaman göstərəcək ki, Rusiya hökuməti bu qanunun tətbiqində hansı bir dinamika ilə üzləşəcək. 

İndi qanunsuz miqrasiya ilə mübarizə Rusiyanın siyasətini əsasını təşkil edir. Ola bilər ki, həmin şəxslərin bir qismi qanunsuz miqrant kmi ölkə ərazisində yaşamağa üstünlük verər və bu da nəticədə onların daha sərt sanksiyalarla üzləşməsinə səbəb olacaq. 

Ümumiyyətlə, azərbaycanlılar üçün son zamanlar Rusiyadan başqa daha çox Mərkəzi Asiya ölkələri cəlbedici görünür. Çünki son vaxtlar Qazaxıstan və Özbəkistanda azərbaycanlı miqrantların sayının artdığı hiss olunur".

Seçilən
38
1
cebheinfo.az

2Mənbələr