AZ

Avropa İttifaqı Ermənistana “seçki missiyası” göndərir

Avropa İttifaqı ölkələri Ermənistana “hibrid təhdidlərə qarşı” operativ reaksiya qrupunun göndərilməsini təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosu Brüsseldəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, missiyanın tərkibinə 9-dan 14-ə qədər mütəxəssis daxil olacaq. Qrupun martın sonu, aprelin əvvəllərində Ermənistana çatacağı və təxminən 10-15 iş günü fəaliyyət göstərəcəyi gözlənilir.

Bildirilir ki, bu mütəxəssislər Ermənistan hökumətinə böhran vəziyyətlərinə operativ reaksiya, eləcə də seçki prosesləri ilə bağlı müxtəlif ssenarilərdə kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində məsləhətlər verəcəklər. Bununla yanaşı, missiya qanunsuz seçki maliyyələşməsinin aşkar edilməsi istiqamətində aidiyyəti qurumlara dəstək göstərəcək və cəmiyyətdə xarici müdaxilə riskləri ilə bağlı məlumatlılığın artırılmasına çalışacaq.

Qeyd edək ki, Aİ-nin bu addımı regionda artan geosiyasi rəqabət və Ermənistanın qarşıdan gələn siyasi prosesləri fonunda diqqət çəkir. Rəsmi Brüssel “hibrid təhdidlər” anlayışını əsas gətirsə də, bu cür missiyaların daxili siyasi proseslərə təsiri ilə bağlı müzakirələr də istisna edilmir.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr