AZ

Naxçıvana hücumun 20-ci günü-dron insidenti göstərdi ki...  

Naxçıvana edilən dron hücumundan artıq 20 gün keçir. Bu müddət ərzində regionda baş verən proseslər bir daha göstərdi ki, Azərbaycan təhlükəsizlik məsələlərində prinsipial, qətiyyətli və strateji baxışa sahib dövlətdir. Baş verən hadisə ilə bağlı Rəsmi Bakının reaksiyası gözlənildiyi kimi ölçülüb-biçilmiş, lakin qəti oldu. Azərbaycan bir daha nümayiş etdirdi ki, öz ərazi bütövlüyü və suverenliyi məsələsində heç bir kompromisə getmir.

Bütün bunlarla yanaşı bir sıra suallar ətrafında son 20 gündə müzakirələr getməmiş də deyil.

Azərbaycan balanslı siyasətini qoruyaraq təhlükəsizliyini necə daha da gücləndirə bilər?

Məsələ ilə bağlı Musavat.com-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli qeyd etdi ki, Naxçıvana qarşı həyata keçirilmiş dron hücumundan artıq 20 gün keçməsinə baxmayaraq, bu müddət ərzində baş verən proseslərin dinamikası göstərir ki, sözügedən hadisə yalnız lokal təhlükəsizlik insidenti kimi deyil, daha geniş regional və beynəlxalq kontekst çərçivəsində təhlil olunmalıdır: "Xüsusilə, hücumun İran ərazisindən qaynaqlandığına dair faktın ortaya çıxması bu hadisəni müasir təhlükə mühitinin çoxqatlı xarakterinin konkret təzahürü kimi ön plana çıxarır. Artıq təhlükəsizlik anlayışı klassik coğrafi sərhədlərlə məhdudlaşmır. Texnoloji vasitələr, məsafədən idarə olunan sistemlər və dolayı marşrutlar vasitəsilə formalaşan risklər ənənəvi yanaşmaları ciddi şəkildə transformasiya edir".

 CROSSMEDIA

Parlamentarinin sözlərinə görə, baş vermiş insidentə münasibətdə Azərbaycanın nümayiş etdirdiyi təmkinli, lakin prinsipial və sərt mövqe rəsmi Bakının milli maraqlar və dövlət təhlükəsizliyi məsələlərində dəyişməz və ardıcıl xəttə malik olduğunu bir daha təsdiqləyir: "Bu yanaşma emosional reaksiyalardan uzaq, lakin strateji baxımdan hesablanmış qərarvermə modelinin göstəricisi kimi diqqəti cəlb edir. Azərbaycan bir tərəfdən eskalasiyanın qarşısını almağa yönəlmiş məsuliyyətli davranış sərgiləyir, digər tərəfdən isə öz suveren hüquqlarının pozulmasına qarşı prinsipial mövqeyini açıq şəkildə ifadə edir. Hadisədən dərhal sonra Azərbaycanın beynəlxalq səviyyədə geniş və operativ dəstək qazanması isə xüsusi vurğulanmalıdır. Amerika Birləşmiş Ştatları, Türkiyə və Avropa İttifaqı başda olmaqla bir sıra dövlətlər və beynəlxalq təşkilatlar hücumu qətiyyətlə pisləyərək Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq dəstək ifadə etdilər. Bu reaksiyalar təsadüfi deyil, əksinə, Azərbaycanın son illərdə həyata keçirdiyi çoxvektorlu və balanslaşdırılmış xarici siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmət, praqmatizm və etibarlılıq prinsipləri əsasında qurulan münasibətlər belə kritik məqamlarda öz real siyasi çəkisini nümayiş etdirir.

Beynəlxalq dəstəyin bu qədər birmənalı və sürətli şəkildə ifadə olunması bir neçə mühüm geosiyasi nəticəni üzə çıxarır. İlk növbədə, Azərbaycan yalnız regional aktor deyil, daha geniş beynəlxalq sistemdə etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul olunur. İkincisi, ölkənin suverenliyi və ərazi bütövlüyü məsələləri beynəlxalq hüququn fundamental prinsipləri çərçivəsində legitim və mübahisəsiz mövqe kimi tanınır. Üçüncüsü isə, Cənubi Qafqazda sabitliyin qorunmasının təkcə regional deyil, eyni zamanda qlobal təhlükəsizlik və iqtisadi maraqlarla da sıx bağlı olduğu aydın şəkildə görünür.

Bu kontekstdə Azərbaycanın yürütdüyü istisnasız olaraq milli maraqlara söykənən xarici siyasət xüsusi diqqət çəkir. Bu siyasət passiv neytrallıqdan uzaq olub, əksinə, müxtəlif güc mərkəzləri arasında milli maraqlara əsaslanan aktiv, çevik və situasiyaya adekvat reaksiya vermə qabiliyyətinə malik davranış modelidir. Naxçıvan hadisəsi fonunda bu modelin effektivliyi bir daha təsdiqləndi və nəticədə Azərbaycan həm öz prinsipial mövqeyini qorudu, həm də beynəlxalq dəstək mexanizmlərini operativ şəkildə səfərbər edə bildi. Bu isə ölkənin xarici siyasət kursunun təsadüfi deyil, uzunmüddətli strateji baxışa əsaslandığını göstərir.

Müasir texnoloji müharibə reallıqları isə hadisənin digər mühüm aspektini təşkil edir. Pilotsuz uçuş aparatlarının geniş tətbiqi münaqişələrin xarakterini köklü şəkildə dəyişdirərək məsafə, sərhəd və cəbhə xətti kimi ənənəvi anlayışları nisbiləşdirib. İran ərazisi ilə bağlılıq faktoru da onu göstərir ki, təhlükə mənbələri artıq birbaşa qarşıdurma zonalarından kənarda formalaşa və müxtəlif dolayı kanallar vasitəsilə reallaşa bilər. Bu isə təhlükəsizlik mühitinin daha mürəkkəb, çoxölçülü və proqnozlaşdırılması çətin bir xarakter aldığını göstərir.

Belə bir şəraitdə Azərbaycan dəyişən təhlükəsizlik arxitekturasını düzgün qiymətləndirən və bu reallıqlara adekvat cavab verməyi bacaran məsuliyyətli dövlət kimi çıxış edir. Ölkənin həm hərbi-texnoloji potensialının gücləndirilməsi, həm də diplomatik müstəvidə aktiv mövqe sərgiləməsi onu göstərir ki, Azərbaycan yalnız mövcud risklərə reaksiya vermir, eyni zamanda gələcək çağırışlara qarşı da preventiv strategiya formalaşdırır. Bu isə dövlətin milli təhlükəsizlik konsepsiyasının müasir çağırışlara uyğun şəkildə davamlı olaraq yeniləndiyini və təkmilləşdirildiyini təsdiqləyir".

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr