AZ

Məhkəmə keçmiş prezident barədə qərar qəbul edib

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Braziliya Ali Məhkəməsi dövlət çevrilişinə cəhd ittihamı ilə 27 il həbs cəzasına məhkum edilmiş keçmiş dövlət başçısı Jair Bolsonaronun sağlamlıq problemləri səbəbindən cəzasını 90 gün ərzində "müvəqqəti ev dustaqlığında" çəkməsinə qərar verib.

"Cebheinfo.az" xəbər verir ki, yerli mətbuatda yer alan xəbərə görə, davanın hakimi Aleksandre de Moraes hazırda pnevmoniya diaqnozu ilə xəstəxanada müalicə alan Bolsonaronun vəkillərinin tələbini qismən təmin edib.

Moraes prokurorluğun "məhkumun daimi və ciddi qulluğa ehtiyacı olduğu" barədə rəyini dəstəkləyərək, keçmiş liderin cəzasının ev dustaqlığına çevrilməsinə hökm verib.

Buna əsasən, Ali Məhkəmə çevrilişə cəhd cinayətinə görə həbsdə olan Bolsonaronun xəstəxanadan çıxdıqdan sonra 90 gün ərzində müvəqqəti ev dustaqlığında saxlanılmasına qərar verib.

Sağlamlıq vəziyyətinin pisləşməsi səbəbindən 13 martda paytaxt Braziliyadakı özəl xəstəxanada müalicə altına alınan və ikitərəfli bakterial pnevmoniya diaqnozu qoyulan Bolsonaronun xəstəxanadan nə vaxt çıxacağı hələlik dəqiq deyil.

Jair Bolsonaro 2018-ci ildəki seçki kampaniyası zamanı qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə əlaqələndirilən müxtəlif sağlamlıq problemləri ilə mübarizəsini davam etdirir.

Tibbi heyətin açıqlamasına görə, sözügedən narahatlıqlar arasında yer alan və qusmaya səbəb olan təkrarlanan hıçqırıq tutmaları son dövrdəki klinik vəziyyətin əsas səbəblərindən biri hesab olunur.

Digər tərəfdən, Bolsonaronun vəkili Paulo Kunya Bueno sosial media vasitəsilə etdiyi açıqlamada Ali Məhkəmənin müvəqqəti ev dustaqlığı qərarını tənqid edib:

"Ev dustaqlığının müvəqqəti tətbiqi, şübhəsiz ki, innovativ yanaşmadır. Lakin unudulmamalıdır ki, cənab prezidentin ehtiyac duyduğu xüsusi tibbi yardım şərtləri davamlı xarakter daşıyır, ona görə də bu səviyyədə diqqətin ömür boyu davam etdirilməsi qaçınılmazdır".

Xatırladaq ki, Braziliya Ali Məhkəməsi 25 noyabr 2025-ci ildə keçmiş dövlət başçısı Bolsonaronun 2022-ci il seçkilərindən sonra dövlət çevrilişi planlaşdırdığı əsası ilə aldığı 27 il 3 aylıq həbs cəzasının qəti olduğunu və icrasına başlanılmasını hökm etmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
1
cebheinfo.az

2Mənbələr