AZ

15 maddəyə qarşı 7 maddə - ABŞ və İran bir-birindən nə istəyir?

15
ABŞ və İranın silahların susdurulması üçün qarşılıqlı irəli sürdüyü şərtlər ABŞ və İsrail mətbuatında geniş yer alıb. 1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ınin “The Wall Street Journal” nəşri Tehranın atəşkəs üçün irəli sürdüyü iddia edilən şərtləri dərc edib. İranın Pakistandakı səfiri isə “dialoq yoxdur” açıqlaması ilə çıxış edib.
Bildirilir ki, İran danışıqlar üçün tələblərin səviyyəsini yüksək saxlayır və bəzi şərtlər ağır hesab olunur. Məlumata görə, İran atəşkəs və ya sülh üçün Körfəz bölgəsində yerləşən bütün ABŞ hərbi bazalarının bağlanmasını və özünə qarşı həyata keçirilən hücumlara görə təzminat ödənilməsini tələb edir. Bundan əlavə, Hörmüz boğazı üçün Süveyş kanalı modeli tətbiq edilərək, buradan keçən gəmilərdən rüsum alınması da irəli sürülən şərtlər sırasındadır. Həmçinin, İrana qarşı tətbiq edilən bütün sanksiyaların ləğvi, İsrailin “Hizbullah”a qarşı hücumlarının dayandırılması və ölkənin raket proqramının heç bir məhdudiyyət olmadan qorunması tələblər arasında yer alır. ABŞ rəsmilərinin bu tələbləri “gülünc və reallıqdan uzaq” kimi qiymətləndirdiyi, İranın sərt mövqeyinin isə diplomatik həll ehtimalını çətinləşdirdiyi vurğulanır. Mövcud böhran fonunda ABŞ İranla təmasda olduğunu bildirsə də, Tehran bunu təkzib edir. İddialara görə, Vaşinqton Türkiyə, Misir və Pakistan kimi vasitəçilər üzərindən İranla mesaj mübadiləsi aparır. Pakistanın sülh danışıqlarına ev sahibliyi təklifi isə ABŞ Prezidenti Donald Tramp tərəfindən sosial şəbəkədə dəstəklənib. Lakin İranın rəsmi xəbər agentliyi IRNA ölkənin Pakistandakı səfirinin ABŞ ilə nə birbaşa, nə də dolayı danışıqların aparıldığını bəyan etdiyini açıqlayıb. Səfir bildirib ki, Pakistan kimi dost ölkələr Tehran və Vaşinqton arasında dialoq mühiti yaratmağa çalışır və bu səylərin müharibənin sona çatmasına kömək edəcəyinə ümid edir. Digər tərəfdən, Anadolu Agentliyinə danışan Pakistanlı mənbələr İranın təhlükəsizlik zəmanətləri axtardığını, raket potensialına məhdudiyyətləri qəbul etmədiyini və təzminat tələb etdiyini bildiriblər. Mənbələr, həmçinin danışıqlarla bağlı 48 saat ərzində yeni addımların atıla biləcəyini qeyd ediblər. İddialara əsasən, ABŞ İranla razılaşma üçün ölkənin mövcud nüvə potensialının tam aradan qaldırılmasını tələb edir. Vaşinqton Tehrandan nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürməsini, uranın zənginləşdirilməsinin dayandırılmasını və bütün zənginləşdirilmiş materialların təhvil verilməsini istəyir. Bununla yanaşı, Natanz, İsfahan və Fordo nüvə obyektlərinin fəaliyyətinin dayandırılması və məhv edilməsi, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin İran ərazisində bütün məlumatlara çıxış əldə etməsi də tələblər sırasındadır. ABŞ-ın əlavə olaraq İranın “vəkalət müharibələrindən” imtina etməsini, regiondakı müttəfiq qüvvələri maliyyələşdirməyi və silahlandırmağı dayandırmasını istədiyi bildirilir. Hörmüz boğazının açıq qalması, sərbəst zona kimi fəaliyyət göstərməsi və bloklanmaması, raket proqramına say və mənzil üzrə məhdudiyyətlərin tətbiqi və yalnız müdafiə məqsədilə istifadə olunması da ABŞ-ın mövqeyi kimi təqdim edilir. İsrailin təhlükəsizlik mənbələri isə iddia edir ki, bütün məsələlər razılaşdırılmadan atəşkəs əldə olunarsa, bu, İranın üstünlük qazanmasına səbəb ola bilər. ABŞ tərəfinin İrana əvvəlki tələblər əsasında hazırlanan 15 maddəlik plan təqdim etdiyi bildirilir. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi son doqquz ay ərzində danışıqlar aparıldığı halda iki dəfə hücuma məruz qaldıqlarını xatırladaraq Vaşinqtona etimad göstərmədiklərini bəyan edib. İranın hərbi sözçüsü Zülfiqari isə ABŞ-ın “strateji məğlubiyyətdən” yayınmaq üçün öz-özünə danışıqlar apardığını iddia edib. O bildirib: “Məğlubiyyətinizi razılaşma adlandırmayın. Bizim kimilər sizin kimilərlə nə indi, nə də gələcəkdə razılığa gəlməyəcək”. ABŞ Prezidenti Donald Trampın razılaşma əldə etmək istəyinin İranın yetərincə zəiflədilmədən təhlükə olaraq qalacağını düşünən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri liderləri arasında narahatlıq yaratdığı qeyd olunur. Körfəz ölkələri, o cümlədən Küveyt Beynəlxalq Hava Limanına edilən hücum da daxil olmaqla, pilotsuz uçuş aparatları və raket zərbələrinin hədəfi olduqlarını bildiriblər. Bu arada, Pentaqonun 82-ci Hava Desant Diviziyasından təxminən 3 min hərbçini əməliyyatları dəstəkləmək üçün bölgəyə göndərməyi planlaşdırdığı vurğulanır. ABŞ Senatı isə Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmaq məqsədilə bu ay üçüncü dəfə irəli sürülən təşəbbüsü də rədd edib. Bütün bu iddialar və tələblər hələ reallığa çevrilməsə də, münaqişənin atəşkəs və ya sülhlə nəticələnə biləcəyi ehtimalı bazarlarda ehtiyatlı nikbinlik yaradıb. Qlobal bazarlarda neft qiymətlərinin aşağı düşdüyü müşahidə olunur: həftənin əvvəlində 110 dolları keçən “Brent” markalı neftin bir barrelinin qiyməti 96–98 dollar aralığına enib, ABŞ xam nefti isə 89 dollara qədər geriləyib.

Gərginliyin azala biləcəyi gözləntiləri fonunda Yaponiya, Cənubi Koreya və Sinqapur birjalarında artım qeydə alınsa da, tərəflərin mövqeləri arasındakı dərin fərqlər hələ də davamlı həllin qarşısındakı əsas maneə olaraq qalır.

Seçilən
37
39
1news.az

10Mənbələr