AZ

"Petkim" ötən il xarici satış həcmlərini açıqlayıb

Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı "Petkim Petrokimya Holding" şirkəti 38 milyard Türk lirəsi həcmində xarici satış həyata keçirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Qeyd edilib ki, hesabat ilində şirkətin ümumi investisiya məbləği 5,2 milyard lirə səviyyəsində olub.

"2025-ci ildə satışlarımızı əsasən daxili bazarda fəaliyyət göstərən müştərilərə yönəldərək, xüsusilə istehsal sənayesi olmaqla bir çox sahənin xammal ehtiyacının ölkə daxilindən qarşılanmasına dəstək verdik. Məhsul portfelimizdə 19 əsas ticarət məhsulu yer alıb və bu satışlardan əldə edilən gəlir 26,3 milyard lirə olub. Geniş müştəri bazası və məhsul müxtəlifliyinə əsaslanan bu struktur, gəlir müxtəlifliyimizi artıraraq iqtisadi dalğalanmalara qarşı daha dayanıqlı maliyyə quruluşunun formalaşmasına töhfə verib", - məlumatda vurğulanıb.

Bildirilib ki, şirkət eyni dövrdə 18 milyard lirə birbaşa ixrac və 20 milyard lirə tranzit ixrac olmaqla ümumilikdə 38 milyard lirə həcmində xarici satış həyata keçirib: "Beynəlxalq bazarlara istiqamətlənən fəaliyyətlərimiz şirkətimizin qlobal bazarlardakı mövqeyini gücləndirərkən, Türkiyə iqtisadiyyatına daxil olan xarici valyuta axını vasitəsilə makroiqtisadi sabitliyə dəstəyimizi davam etdirib".

Məlumata görə, hesabat dövründə şirkətin xalis satış gəliri 89 milyard lirə təşkil edib.

İl ərzində ümumi satış həcmi 2,1 milyon ton səviyyəsində qeydə alınıb. Bunun 773 min 797 tonu qatı məhsulların, 1 milyon 326 min 511 tonu isə maye məhsulların payına düşüb. Şirkətin ticarət məhsulları üzrə satış gəliri isə 26,3 milyard lirə olub. 2025-ci ildə investisiya xərcləri 5,2 milyard lirə təşkil edib.

Maliyyə nəticələrinə gəldikdə, şirkət 2023-cü ildə 14 milyard 10 milyon 326 min lirə xalis mənfəət əldə etdiyi halda, 2024-cü ildə 8 milyard 892 milyon 542 min lirə, 2025-ci ildə isə 10 milyard 259 milyon 752 min lirə xalis zərər qeydə alıb.

Eyni zamanda, şirkətin ümumi aktivləri azalma tendensiyası göstərib. Belə ki, 2023-cü ildə 181 milyard 25 milyon 575 min lirə olan aktivlər 2024-cü ildə 161 milyard 703 milyon 710 min lirəyə, 2025-ci ildə isə 151 milyard 331 milyon 860 min lirəyə düşüb.

Qeyd edək ki, "SOCAR Turkiye Enerji" şirkəti "Petkim Petrokimya Holding"in nəzarət səhm paketinin (51 %) sahibidir. Əsası 1965-ci il aprelin 3-də qoyulmuş "Petkim Petrokimya Holding" Türkiyənin aparıcı neft-kimya kompleksidir.

"Cebheinfo.az"

Seçilən
8
2
cebheinfo.az

3Mənbələr