AZ

“BAE Systems” şirkəti Türkiyənin “Eurofighter Typhoon” qırıcılarına texniki xidmət göstərəcək

Böyük Britaniya və Türkiyə hökumətlari arasında “Eurofighter Typhoon” döyüş təyyarələri üçün təlim, dəstək avadanlıqları və xidmətlərinin təmin edilməsinə dair mühüm saziş imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə “BAE Systems” şirkəti məlumat yayıb.

Müqaviləyə əsasən, “BAE Systems” ehtiyat hissələri və dəstək avadanlıqları, mühəndis və pilot hazırlığı, yüksək dəqiqlikli təlim simulatorları, eləcə də elektron müharibə imkanları təqdim edəcək. Bundan əlavə, şirkət təyyarələrin istismara qəbulundan etibarən ilk üç il ərzində texniki dəstək xidmətləri göstərəcək.

Bu müqavilə Türkiyə Silahlı Qüvvələrinin operativ hazırlıq və effektivliyini artırmağa, həmçinin ölkənin müstəqil texniki dəstək imkanlarını mərhələli şəkildə inkişaf etdirməyə xidmət edəcək.

Sözügedən saziş oktyabr ayında Böyük Britaniya və Türkiyə hökumətləri arasında 20 ədəd “Typhoon” təyyarəsinin alınmasına dair əldə olunmuş razılaşma davamıdır. Bu, “Typhoon”un Avropa və Yaxın Şərqin təhlükəsizliyində mühüm rol oynadığını bir daha vurğulayır.

Türkiyə üçün yeni təyyarələrin istehsalı artıq Böyük Britaniyada və “Eurofighter” tərəfdaş ölkələrində başlayıb. İlk təyyarələrin 2030-cu ildə təhvil verilməsi planlaşdırılır.

Böyük Britaniya hökuməti ilə ayrıca razılaşmalara əsasən, Britaniya Hərbi Hava Qüvvələri 10 türk təlimatçı pilotu və təxminən 100 texniki təlimatçını hazırlayacaq. Bu, Türkiyə Hərbi Hava Qüvvələrinin gələcək pilot və texniki heyət üçün təlim və dəstək proseslərini müstəqil şəkildə həyata keçirməsinə imkan verəcək və iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək.

Seçilən
21
poliqon.az

1Mənbələr