AZ

Azərbaycana dost ölkə dünya diplomatiyasının diqqətində

Pakistanın Yaxın Şərq münaqişəsinin həllində mümkün platforma kimi önə çıxmasına səbəb nə?

Yaxın Şərqdə gərginliyin yüksək həddə çatdığı bir dövrdə ABŞ-la İran arasında mümkün danışıqların yeni məkan üzərindən gündəmə gəlməsi diqqət çəkir. Son günlər bu proses üçün Pakistan variantının irəli sürülməsi isə geosiyasi baxımdan maraqlı suallar doğurur.

Ənənəvi olaraq bu tip həssas təmaslar üçün Oman və ya Qətər kimi vasitəçi ölkələr seçildiyi halda, Pakistanın mümkün platforma kimi önə çıxması regiondakı qüvvələr balansında yeni dinamikanın formalaşdığını göstərir. Bu isə həm tərəflərin diplomatik manevr imkanlarını genişləndirmək cəhdi, həm də mövcud vasitəçilik mexanizmlərinə alternativ axtarışı kimi qiymətləndirilə bilər.

Belə bir ssenarinin reallaşıb-reallaşmayacağı isə bir sıra amillərdən – tərəflər arasında etimad səviyyəsindən, regional güclərin mövqeyindən və xüsusilə İslamabadın bu prosesi nə dərəcədə effektiv və neytral şəkildə idarə edə biləcəyindən asılı olacaq.

Pakistan ABŞ-la İranın barışacağı məkan ola bilərmi?

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-da ilk olaraq, onu qeyd etdi ki, Amerika-İran, eyni zamanda, İsrail-İran arasında davam edən müharibənin necə nəticələnəcəyi bu gün beynəlxalq analitik dairələrin əsas müzakirə mövzularından birinə çevrilib:

"Bu müharibə artıq lokal qarşıdurma səviyyəsindən çıxaraq regional və qlobal güc balansına birbaşa təsir edən proses halını alıb. Burada söhbət yalnız hərbi əməliyyatların nəticəsindən getmir. Məsələ eyni zamanda yeni siyasi düzənin necə formalaşacağından, hansı güc mərkəzlərinin önə çıxacağından və hansı ittifaqların zəifləyəcəyindən gedir. Bu çərçivədə vasitəçi dövlətlərin rolu xüsusi aktuallıq qazanır. Son dövrlərdə Pakistanın adı potensial vasitəçi kimi hallandırılsa da, bu məsələ kifayət qədər mürəkkəbdir. Pakistan formal olaraq İslam dünyasının nüfuzlu ölkələrindən biri, nüvə silahına malik dövlət və regional güc kimi çıxış edir. Lakin onun xarici siyasətinin əsas prioritetləri daha çox öz yaxın geosiyasi mühiti ilə, xüsusilə, Hindistan ilə olan strateji rəqabət üzərində qurulub.

Pakistanın Çin ilə yaxın münasibətləri də məhz bu kontekstdə başa düşülməlidir. Çin-Pakistan əlaqələri iqtisadi və hərbi baxımdan dərinləşsə də, bu əməkdaşlıq daha çox Hindistan faktoruna qarşı balans yaratmağa xidmət edir. Bu isə o deməkdir ki, Pakistanın diqqəti və resursları böyük ölçüdə öz regional problemlərinə yönəlib və bu, onun Yaxın Şərqdə genişmiqyaslı vasitəçilik missiyasını məhdudlaşdırır".

Ekspert hesab edir ki, regionda paralel olaraq mürəkkəb və ziddiyyətli proseslər gedir. Pakistan ilə Əfqanıstan arasında son dövrlərdə yaşanan hərbi gərginliklər, sərhəd problemləri və təhlükəsizlik məsələləri İslamabadın manevr imkanlarını daraldır. Eyni zamanda, İranın Hindistanla münasibətlərinin müəyyən qədər açıq və praqmatik xarakter daşıması da regionda maraqların kəsişdiyi daha mürəkkəb bir geosiyasi sxem yaradır:

"Bu reallıqlar fonunda Pakistanın ABŞ–İran müharibəsində əsas və həlledici vasitəçi rolunu oynayacağı ehtimalı yüksək qiymətləndirilmir. Daha çox ehtimal olunur ki, bu rolu ənənəvi olaraq neytral və balanslı siyasət yürüdən ölkələr, məsələn, Oman kimi dövlətlər öz üzərinə götürəcək. Oman uzun illərdir ki, həm İran, həm də Qərb ölkələri ilə paralel əlaqələri qoruyaraq “səssiz diplomatiya” xətti ilə çıxış edir və bu baxımdan daha uyğun platforma hesab olunur.

Bununla belə, Pakistanın prosesdən tamamilə kənarda qalacağını demək də doğru olmaz. Müharibə şəraitində diplomatiya çoxpilləli və çoxkanallı şəkildə aparılır. Bu baxımdan Pakistan müəyyən mərhələlərdə, xüsusilə, ilkin təmasların qurulması, mesajların ötürülməsi və qeyri-rəsmi görüşlərin təşkili baxımından keçici və texniki vasitəçi rolunu oynaya bilər. Hətta müəyyən danışıqların Pakistanda keçirilməsi də mümkündür, lakin bu, daha çox prosesin bir hissəsi kimi qiymətləndirilməlidir, yekun mərhələ kimi yox...

Ümumilikdə isə müharibənin nəticələri təkcə vasitəçilərdən asılı olmayacaq. Burada əsas faktor böyük güclərin strateji qərarları, hərbi balansın dəyişməsi, enerji marşrutları üzərində nəzarət və regional ittifaqların yenidən formalaşması olacaq. Əgər müharibə uzunmüddətli xarakter alarsa, bu, regionda yeni bloklaşmaların yaranmasına, bəzi dövlətlərin zəifləməsinə, digərlərinin isə güclənməsinə gətirib çıxara bilər".


A.Hüseynovun fikrincə, Pakistan bu mürəkkəb oyunda tam mərkəzi oyunçu deyil, daha çox köməkçi və ya keçid rolunu oynaya biləcək aktorlardan biridir:

"Əsas qərarların isə daha böyük geosiyasi çəkisi olan güclər və daha neytral diplomatik platformalar üzərindən formalaşacağı gözlənilir. Hətta qəfil bir şəkildə Çin bu məsələyə birbaşa nüfuz etməsə də, Rusiya vasitəsi ilə qarışa bilər. Rusiya isə İranla danışıqları bazarlıq mövzusu kimi istifadə edib Ukraynada olan mövqelərini qorumaq istəyər. Bir daha Pakistan bu prosesdə ola bilər, amma situativ bir şəkildə...".

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr