AZ

Amerikalı ekspertdən İranla bağlı SENSASİON TƏHLİL - Tramp çətin SEÇİM QARŞISINDA

ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə fonunda tanınmış amerikalı ekspert, Çikaqo Universitetinin professoru Robert Peyp vəziyyəti təhlil edib.

Musavat.com xəbər verir ki, rejim dəyişikliyi və hərbi-hava qüvvələrinin tətbiqi üzrə mütəxəssis olan Peyp, prezident Donald Trampın İran rejimini bir neçə günə devirmək vədinin iflasa məhkum olduğunu bildirib.

Robert Peyp qeyd edib ki, son 100 illik hərb tarixinə nəzər saldıqda, quru qoşunlarının iştirakı olmadan, yalnız hava zərbələri vasitəsilə hər hansı bir rejimin devrilməsi faktına rast gəlinmir.

Onun sözlərinə görə, bu taktika həm idarə olunmayan, həm də “ağıllı” bombalar dövründə sınaqdan keçirilsə də, heç vaxt effektiv olmayıb:

"Bu, texniki uğursuzluq deyil, siyasi cəhətdən özünü məhv edən strategiyadır. Bombardmanlar cəmiyyətdə millətçilik hisslərini oyadır və daxili dinamikanı xarici müdaxiləyə qarşı birləşdirir".

Ekspert vurğulayıb ki, ABŞ hərbi baxımdan taktiki üstünlüyə sahib olsa da, İran strateji olaraq uduzmur. Tehranın Hörmüz boğazı üzərində nəzarəti ələ keçirməsi dünya bazarında neftin qiymətinin kəskin artmasına səbəb olub.

Peyp bildirir ki, İran bu vəziyyətdən həm maliyyə, həm də siyasi rıçaq kimi istifadə edir. Əgər ABŞ boğazı açmaq üçün quru əməliyyatlarına başlayarsa, bu, “eskalyasiya tələsini” daha da dərinləşdirəcək və terror aktlarının artmasına yol açacaq.

İranın hərbi rəhbərliyinin məhv edilməməsinin səbəbinə toxunan Peyp, Tehranın “mozaik plan” tətbiq etdiyini bildirib. Bu plan rəhbərlik itirildiyi halda belə, müharibənin davam etdirilməsi üçün qərarların mərkəzsizləşdirilməsini nəzərdə tutur. 

Sonda Robert Peyp qeyd edib ki, Donald Tramp üçün bu vəziyyətdən siyasi cəhətdən güclü çıxmaq üçün “qızıl yol” yoxdur.

Ekspertin fikrincə, ABŞ prezidenti ya ciddi siyasi itkiləri gözə alaraq indidən geri çəkilməli, ya da münaqişəni daha da dərinləşdirərək öz prezidentliyini riskə atmalıdır. Peyp hesab edir ki, ağrılı olsa da, ən yaxşı variant itkiləri minimuma endirib indi dayanmaqdır, çünki gələcəkdə bağlanacaq istənilən razılaşma indikindən daha ağır şərtlərlə olacaq.

Musavat.com

Seçilən
29
50
musavat.com

10Mənbələr