AZ

Qərb İranı yeni revanşa hazırlayır?

Yaxın Şərqdə baş verənlər adi hərbi toqquşma deyil. Bu, regionun siyasi arxitekturasını, enerji bazarlarını və qlobal təhlükəsizlik balansını yenidən cızan böyük bir silkələnmədir.
İlk baxışda mənzərə aydındır: ABŞ və İsrail aviasiyası həftələrdir İran səmasını demək olar ki, maneəsiz bombalayır, kəşfiyyat strukturları isə illərdir İslam Respublikasını daxildən zəiflətmək üzərində işləyir. Lakin paradoks ondadır ki, bütün bu dağıdıcı təzyiqə baxmayaraq, Tehran rejimi hələ də bu müharibədən öz məntiqinə görə "qalib" çıxma ssenarisini qoruyub saxlayır. Məhz bu məqam bugunkü böhranın ən təhlükəli tərəfidir.
Bu ssenarinin birinci dayağı rejimin sağ qalmasıdır. Tehran üçün qələbə demokratik legitimlik, ictimai rifah və ya beynəlxalq nüfuz deyil. Qələbə sadəcə hakimiyyətdə qalmaqdır. Vaşinqton müharibənin ilk anlarında İran xalqını ayağa qalxmağa çağırsa da, gözlənilən daxili üsyan baş vermədi. Ali liderin və yüksək ranqlı fiqurların aradan götürülməsi də sistemi çökdürmədi. Rejim fiqurlarını dəyişdi, amma mexanizmini saxladı. Bu isə o deməkdir ki, Qərbin "tezliklə süqut" ritorikası getdikcə daha çox siyasi arzu, daha az strateji proqnoz təsiri bağışlayır.
İkinci məqam Hörmüz boğazıdır. Müharibənin hərbi cəbhədən enerji cəbhəsinə keçidi İran üçün həyati imkan yaratdı. Dünya dəniz neft daşımalarının mühüm hissəsinin keçdiyi bu boğaz üzərində təzyiq imkanını saxlamaq Tehran üçün raketdən də güclü alətə çevrildi. Neft axınının pozulması bazarlarda şok yaratdı, qiymətləri sıçratdı və Vaşinqtonu sərt ultimatum dilindən gizli təmaslara keçməyə məcbur etdi. Başqa sözlə, İran meydanda zəifləsə də, geoiqtisadi rıçaq əldə etdi.
Üçüncü dayağı gəlir mənbəyidir. Əgər Tehran boğazdan keçidi faktiki nəzarət vasitəsinə çevirə bilirsə, bu artıq yalnız hərbi təzyiq deyil, maliyyə modelidir. Tankerlərin keçidi müqabilində qeyri-rəsmi ödənişlər, sanksiyaların yumşaldılması ehtimali və enerji bazarındakı xaosdan doğan yeni imkanlar rejimə nəfəs verə bilər. Yəni bombalarla dağıdılan sistem, paradoksal şəkildə, böhranın yaratdığı yeni iqtisadi mexanizmlərlə özünü bərpa etmək şansı qazanır.
Dördüncü və ən strateji məsələ imkanların bərpasıdır. Bu gün İranın raket və nüvə infrastrukturu ciddi zərbə altındadır. Lakin rejim hakimiyyətdə qalarsa və boğazdan pul axını təmin edərsə, sabah bu potensialı yenidən qurmağa çalışacaq. Bu, bir ilin, iki ilin məsələsi deyil. Amma siyasətdə əsas sual budur: bu gün məhv edilən təhlükə sabah daha sərt formada geri qayıdacaqmı? Hazırkı mənzərə göstərir ki, Tramp və Netanyahu İran problemini həll etmək əvəzinə onu sadəcə gələcək administrasiyalara miras qoya bilərlər.
Nəticə sərtdir, amma aydındır. Bu müharibədən çıxacaq İran zəif, yaralı və iqtisadi baxımdan sarsılmış olacaq. Lakin rejim ayaqda qalarsa, o, bunu qələbə kimi təqdim edəcək: ABŞ-ə və İsrailə qarşı tab gətirən, sonra isə yenidən toparlanan dövlət kimi. Deməli, bugunkü savaşın əsas intriqası raketlərin haraya düşməsində deyil. Əsas sual budur: Qərb doğrudanmı İranı sıradan çıxarır, yoxsa onun növbəti revanşı üçün zəmini özü hazırlayır?

Elçin ALIOĞLU

Seçilən
18
aznews.az

1Mənbələr