AZ

Tramp reytinq uğrunda sülh axtarır Ekspert

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

ABŞ və İran müharibəni dayandırmaq istəyir, amma "zəif görünmək" qorxusu mane olur

Yaxın Şərqdə hərbi və diplomatik gərginlik davam edir. ABŞ Prezidenti Donald Tramp rəsmi Tehranın danışıqlara hazır olduğunu və diplomatik masaya qayıtmaq üçün can atdığını bəyan etsə də, İran tərəfi bu iddiaları qətiyyətlə təkzib edir.

İranın xarici işlər nazirliyinin sözçüsü İsmayıl Baqai “India Today” xəbər agentliyinə verdiyi müsahibəsində İran ABŞ-la danışıqlar aparıldığı barədə yayılan məlumatları təkzib edib: “İran ilə ABŞ arasında heç bir danışıqlar yoxdur və İran əleyhinə başlanan qanunsuz müharibədən ötən 25 gün ərzində də belə olmayıb”.

Baqai əlavə edib ki, ABŞ-la danışıqlar təcrübəsi İran üçün “fəlakətli” olub: “Biz nüvə məsələsini həll etmək üçün danışıqlar apararkən, qısa müddət ərzində iki dəfə hücuma məruz qalmışıq. Bu diplomatiyaya qarşı xəyanət idi. Bu, İranda hazırda məşhur ifadədir, çünki bu hadisə bir dəfə deyil, iki dəfə baş verib. Heç kim ABŞ diplomatiyasına güvənə bilməz”.

Mövcud vəziyyəti şərh edən siyasi ekspertlər isə hesab edir ki, Vaşinqton və Tehran arasında davam edən informasiya savaşı, tərəflərin diplomatik üstünlüyü ələ almaq cəhdlərindən xəbər verir.

Politoloq Abutalıb Səmədov Sherg.az-a bildirib ki, həm Vaşinqton, həm də Tehran hərbi əməliyyatların dayandırılmasında strateji maraqlara malikdir. Lakin əsas çətinlik hərbi deyil, siyasi xarakter daşıyır:

"Hər iki tərəf müharibənin yaratdığı ağır yükdən xilas olmaq istəsə də, rəsmi səviyyədə bir-birinə doğru addım atmağı "zəiflik əlaməti" kimi qəbul edirlər. Amerika Birləşmiş Ştatları da, İran da müharibədən qələbə görüntüsü ilə çıxmaq istəyir. Bu səbəbdən diplomatik danışıqlar hər iki tərəf üçün əhəmiyyətlidir.

ABŞ prezidenti Donald Tramp danışıqların getdiyi barədə fikir bildirirərkən həqiqəti danışır. Lakin İranın Amerika Birləşmiş Ştatlarının əsas tələblərini yerinə yetirməyə, az qala təslim olmağa hazır olduğunu bəyan edəndə real vəziyyəti təhrif edir. Təcrübə də göstərir ki, onun "uğurlu" adlandırdığı bir çox təmaslar fundamental nəticələr vermədən yekunlaşıb. Onu deyim ki, İran hərbi əməliyyatların davam etməsində qətiyyən maraqlı deyil, kifayət qədər yara alıb.

Ölkənin hərbi potensialı və iqtisadi imkanları ciddi zərbələr alıb, infrastruktur dağıdılıb və ciddi sayda insan tələfatı qeydə alınır. Amerika Birləşmiş Ştatları isə yorulub. Müharibənin uzanması Administrasiya üçün əlavə siyasi və iqtisadi yüklər yaradır. Xüsusilə, Prezident Donald Trampın daxili siyasi reytinqinin aşağı düşməsi onu qorxudur və daha ehtiyatlı addımlaratmağa və nüfuzunu bərpa edəcək diplomatik nailiyyət axtarmağa sövq edir".

Politoloq İranla ABŞ arasındakı danışıqların Pakistanda davam etdirilməsinin istisna olmadığını deyib:

"Nəticənin olub olmayacağı isə bəlli deyil. Tərəflərin düşüncələri arasında o qədər ciddi fərqlər var ki, ortaq məxrəcə gəlmək ehtimalı həddindən artıq aşağıdır. Lakin hər iki tərəfin hərbi əməliyyatlarda maraqlı olmaması fonunda hansısa razılaşmaların əldə edilməsini ümid etmək olar. Bu elə razılaşma olmalıdır ki hər iki tərəf özünün qələbəsi kimi təqdim edə bilsin. Yəni Pakistan bu prosesdə sadəcə bir rabitə kanalı rolunu oynaya bilər, lakin əsas qərarlar tərəflərin daxili siyasi ehtiyacları və güc balansına əsasən veriləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
50
sherg.az

10Mənbələr