AZ

İran ABŞ-nin təklifini rədd etdi - 5 şərt irəli sürdü

İran davam edən müharibəyə son qoymaq üçün Amerikanın təklifini rədd edərək, münaqişənin bitirməyin yalnız Tehranın müəyyən etdiyi şərtlər daxilində və müddət ərzində mümkün olduğunu bildirib.


Manset.az xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik rəsmisi Press TV-yə müsahibəsində açıqlayıb.

Təklifin təfərrüatları ilə tanış olan şəxs İranın ABŞ Prezidenti Donald Trampa müharibənin bitmə vaxtını diktə etməsinə icazə verməyəcəyini vurğulayıb: "İran müharibəni zəruri hesab etdiyi və şərtləri yerinə yetirildiyi zaman bitirəcək".

Onun sözlərinə görə, Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışsa da, Tehran bu addımlara inanmır. Belə ki, 2025-ci ilin yaz və qış aylarında keçirilən əvvəlki iki danışıqlarda ABŞ-ın konstruktiv dialoq aparmaq üçün heç bir niyyəti olmayıb və sonradan İrana qarşı hərbi müdaxilə edib.

Buna görə də, Tehran dost regional vasitəçilərlə təqdim edilən son təklifi gərginliyi artırmaq cəhdi kimi qiymətləndirib və mənfi cavab verib.

Eyni zamanda adı açıqlanmayan rəsmi şəxs İranın hərbi əməliyyatları dayandırmağa razı olacağı beş konkret şərti açıqlayıb: ABŞ və İsrail tərəfindən "təcavüz və qətl"in tamamilə dayandırılması, İrana yenidən müharibənin tətbiq edilməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması, müharibə zərərlərinin və təzminatlarının ödənilməsinin təmin edilməsi və aydın şəkildə müəyyən edilməsi, bölgədəki bütün cəbhələrdə və bütün müqavimət qrupları üçün müharibənin dayandırılması, İranın Hörmüz boğazı üzərində nəzarəti həyata keçirmək suveren hüququnun beynəlxalq səviyyədə tanınması və təminatları.

"İran vasitəçilərə atəşkəsin yalnız bütün şərtlər qəbul edildikdə mümkün olduğunu bildirib. O vaxta qədər heç bir danışıqlar aparılmayacaq", - deyə rəsmi şəxs vurğulayıb və əlavə edib ki, İranın müdafiə hərəkətləri bütün göstərilən şərtlər yerinə yetirilənə qədər davam edəcək: "Müharibə Trampın bitdiyini gördüyü zaman deyil, İran qərar verəndə bitəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ-nin İran hakimiyyətinə Yaxın Şərq münaqişəsinə son qoymaq üçün təqdim etdiyi 15 maddəlik planın 14-ü məlum olub. Planın ilk maddəsində əsasən İran nüvə potensialını tamamilə ləğv etməlidir.

Eyni zamanda rəsmi Tehran nüvə silahı istehsal etməyəcək, uran zənginləşdirmə fəaliyyətləri dayandıracaq, zənginləşdirilmiş uran ehtiyatları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) veriləcək. Bundan başqa Nətənz, İsfahan və Fordo obyektləri bağlanacaq və AEBA-ya tam yoxlama səlahiyyəti veriləcək.

İran həmçinin Hizbullah, HƏMAS və Husilər kimi təşkilatlardan imtina etməklə yanaşı, bu qruplara maliyyələşdirmə və dəstəyini kəsəcək. Ən əsası isə Hörmüz boğazı açıq qalacaq. Raket proqramına gəlincə, bu sahə üzrə İranın işləri məhdudlaşdırılacaq, raketlərdən yalnız müdafiə məqsədləri üçün istifadə olunacaq.

Bunun müqabilində İrana aşağıdakı üstünlüklər təklif olunur: Beynəlxalq sanksiyalar ləğv ediləcək, ABŞ mülki nüvə proqramına dəstək verəcək, sanksiyaların avtomatik olaraq yenidən tətbiq olunmasına imkan verən mexanizm aradan qaldırılacaq.

Seçilən
12
39
manset.az

10Mənbələr