Reuters: Rusiyanın ixrac gücünün 40 faizə qədəri sıradan çıxıb, gündəlik itki 2 milyon barelə çatır...
Poliqon xəbər verir ki, “Reuters” Agentliyinin qiymətləndirməsinə əsasən, Ukraynanın həyata keçirdiyi zərbələr nəticəsində Rusiyanın neft ixrac imkanlarının 40 faizə qədəri sıradan çıxıb. Hesablamalara görə, bu, təxminən gündə 2 milyon barel həcmində ixracın dayanması deməkdir və bu vəziyyət müasir Rusiya tarixində ən ciddi neft tədarükü pozuntularından biri kimi qiymətləndirilir.
Məlumata görə, bu itkilər bir neçə əsas istiqamətdə yaranan fasilələrin nəticəsidir. Belə ki, Baltik dənizi üzərindən ixracda mühüm rol oynayan Primorsk və Ust-Luqa limanlarının fəaliyyətində ciddi problemlər yaranıb. Eyni zamanda, “Drujba” neft kəməri ilə ixracın dayanması və Novorossiysk limanı vasitəsilə yükləmələrin azalması da ümumi mənzərəyə təsir edib.
Bundan əlavə, Krasnodar diyarında yerləşən neft nasos stansiyalarına endirilən zərbələr logistika zəncirini daha da zəiflədib. Avropa ölkələri tərəfindən Murmanskdan neft daşıyan tankerlərin saxlanılması halları da ixracın azalmasına səbəb olan mühüm amillərdən biri kimi göstərilir.
Bununla yanaşı, bəzi istiqamətlər üzrə tədarüklərin hələlik nisbətən sabit qaldığı qeyd olunur. Xüsusilə, Şərqi Sibir–Sakit okean (VSTO) neft kəməri və Kozmino limanı vasitəsilə Çinə ixrac davam edir. Eyni zamanda, Saxalin layihələri çərçivəsində həyata keçirilən yükləmələr və Belarus neft emalı zavodlarına tədarüklər də ciddi fasilələrlə üzləşməyib.
Ekspertlər bildirirlər ki, Rusiyanın ixrac imkanlarının bu miqyasda azalması qlobal neft bazarına birbaşa təsir göstərir. İran ətrafında baş verən münaqişə fonunda dünya bazarında neft qiymətlərinin artdığı bir dövrdə bu cür təchizat pozuntuları qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər.
Poliqon.info