
İran ABŞ və İsrail istisna olmaqla, digər ölkələrin gəmilərinin İrana qarşı hücumlarda iştirak etməmələri və ya bu hərəkətləri dəstəkləməmələri, habelə elan edilmiş təhlükəsizlik qaydalarına tam əməl etmələri şərti ilə Hörmüz boğazından keçə biləcəklərini bəyan edib.
AFN.az xəbər verir ki, İranın Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəliyi ABŞ-İsrail hücumlarından sonra keçidlərin məhdudlaşdırıldığı Hörmüz boğazındakı vəziyyətlə bağlı xüsusi açıqlama yayıb. Bəyanatda qeyd olunub ki, digər dövlətlərə aid və ya onlarla əlaqəli olan qeyri-düşmən gəmiləri İranın səlahiyyətli orqanları ilə koordinasiyalı şəkildə hərəkət etmək şərti ilə boğazdan təhlükəsiz keçid imkanından yararlana bilərlər.
Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı birgə hücumlarına cavab olaraq İranın qisas əməliyyatları davam edərkən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazını ABŞ, İsrail və onların müttəfiqləri ilə əlaqəli gəmilərin üzünə bağlamışdı.
Bundan əlavə, İran parlamentinin Hörmüz boğazından keçən gəmilərdən rüsum alınmasını nəzərdə tutan qanun layihəsi üzərində işlədiyi də açıqlanıb.