İsrail ordusunun mexanikləşdirilmiş bölmələri Livan ərazisinin 5 kilometr dərinliyinə daxil olaraq 8 yaşayış məntəqəsini nəzarətə götürüb.
Musavat.com xəbər verir ki, bu barədə ərəb qəzeti “Asharq al-Awsat” məlumat yayıb.
Məlumata görə, cəbhənin mərkəzi hissəsində İsrail qoşunları Litani çayının sahilinə çıxmaq üçün Ət-Tayba şəhərindən Deyr-Siryan rayonu istiqamətində irəliləyir. Bu istiqamətdə hücumun uğurla nəticələnməsi “Hizbullah”ın təchizat xətlərini kəsmək məqsədilə Vadi əl-Huceyr dərəsinə hücum etməyə imkan verəcək.
Şərq sektorunda isə İsrail hərbçiləri Litani çayından cənubda yerləşən ən böyük şəhər olan Bint-Cubeylin mühasirəsinə hazırlaşır. Qoşunlar artıq nəzarətə götürülmüş Marun ər-Ras və Yarun məntəqələri tərəfdən hücuma keçir. Şimaldan isə hərbi karvan Aytarun şəhərindən Bint-Cubeylin ətrafındakı Aynata yaşayış məntəqəsinə doğru hərəkət edir. Şəhərin qərbində İsrail qüvvələri Aita əş-Şaab, Dibl, Ramiya və Əl-Kouzah kəndlərini tutub, hazırda Beyt-Lif şəhərinin kənarlarında döyüşlər davam edir.
Eyni zamanda, qoşunlar üç həftəlik döyüşlərdən sonra hələ də müqavimət ocaqlarının qaldığı Əl-Xiyam şəhərinin şimal hissəsində təmizləmə əməliyyatını yekunlaşdırır. Əl-Xiyam “Hizbullah” dəstələri üçün dayaq məntəqəsi rolunu oynayırdı və Arkubdan Qərbi Bekaa regionuna keçidə nəzarət etməyə imkan verirdi.
Çərşənbə günü günortadan sonra Bint-Cubeyl, Marun ər-Ras və Yarun ətrafı intensiv artilleriya atəşinə tutulub, aviasiya isə Arab-Salim, Burquliya, Cvaye, Kfare, Hanin, Haris və Ed-Duveyrə silsilə zərbələr endirib. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlar nəticəsində azı 5 nəfər həlak olub, 9 nəfər isə yaralanıb.
Musavat.com