AZ

Raketlər tükənir, xəstəxanalar dolur: İsrailin müdafiə səddində "ölümcül" boşluq

İranın son günlərdə İsrailin strateji əhəmiyyətli Dimona və Arad şəhərlərinə endirdiyi raket zərbələri ölkənin "keçilməz" hesab edilən hava hücumundan müdafiə (HHM) sistemində ciddi boşluqların olduğunu üzə çıxarıb.

Musavat.com xəbər verir ki, "Washington Post" nəşri bu uğursuzluğun İsrailin uzunmüddətli müharibə aparmaq qabiliyyətini və raket əleyhinə ehtiyatlarının kifayət qədər olub-olmamasını ciddi sual altına qoyduğunu yazır. Məlumata görə, İranın ballistik raketləri müdafiə səddini keçərək birbaşa mülki yaşayış binalarına düşüb, nəticədə 115-dən çox insan yaralanıb, onlardan 11-nin vəziyyəti ağırdır. Xüsusilə nüvə tədqiqat mərkəzinin yerləşdiyi Dimona şəhərinin hədəf alınması və raketlərin qarşısının alına bilinməməsi İsrail hərbi rəhbərliyində böyük narahatlıq yaradıb.

Nəşr qeyd edir ki, İsrailin çoxlaylı müdafiə sistemi ("Dəmir Qübbə", "Davudun sapanı", "Ox-3") yüksək texnologiyalı olsa da, "hermetik" (tam qapalı) deyil. İsrailin keçmiş təhlükəsizlik rəsmisi xəbərdarlıq edib: "İsrail müdafiəsi eyni anda atılan 3,000–5,000 raketin qarşısını almaq gücündə deyil".

Hazırda əsas problem raketlərin qiymətindən (bir "Ox" raketi təxminən 3 milyon dollardır) daha çox, onların ehtiyatda neçə ədəd qalmasıdır. Mənbələr bildirir ki, raketlərin istehsalı illər tələb edir, lakin döyüş meydanında onlar bir neçə dəqiqə ərzində tükənir. ABŞ-ın THAAD sistemlərinin də Arad üzərindəki raketləri vura bilməməsi müttəfiqlərin ümumi müdafiə strategiyasındakı zəif nöqtələri ifşa edib. İsrail ordusu (SAXAL) hazırda bu uğursuzluğun səbəblərini araşdırır və vətəndaşları sığınacaqlardan istifadə qaydalarına ciddi əməl etməyə çağırır.

Musavat.com

Seçilən
21
1
musavat.com

2Mənbələr