AZ

Hörmüz böhranı: Gəmilər açıq dənizdə lövbər salıb

ABŞ və İsrailin İrana qarşı birgə hücumlarının başlamasından bəri, başta Fars körfəzi olmaqla Hörmüz boğazı ətrafında təxminən 1 900 kommersiya gəmisi hərəkətsiz qalıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı birgə hücumlar və İranın qisas olaraq Hörmüz boğazını bu ölkələrlə əlaqəli kommersiya gəmiləri üçün faktiki olaraq bağlamasından sonra, boğazda hərəkət dayanma nöqtəsinə gəlib.

Hörmüz boğazından keçmək üçün bölgədə olan, lakin sözügedən ölkələr arasındakı gərginlik səbəbindən keçid edə bilməyən gəmilər, xüsusilə Fars körfəzi başta olmaqla boğazın ətrafında hərəkətsiz qalıb. Gəmilərin çoxu açıq dənizdə lövbər salıb.

İran, ABŞ-İsrail xaricindəki ölkələrin "İrana qarşı təcavüzkar hərəkətlərdə iştirak etməmələri və ya bunları dəstəkləməmələri, elan edilmiş təhlükəsizlik qaydalarına tam əməl etmələri şərti ilə" Hörmüz boğazından keçə biləcəklərini bəyan edib.

İran Silahlı Qüvvələrinin müharibəni idarə edən bölməsi olan "Xatəmul-Ənbiya" Mərkəzi Qərargahının sözçüsü polkovnik-leytenant İbrahim Zülfiqari isə dünən Hörmüz boğazındakı vəziyyətin əvvəlki halına qayıtmayacağını, boğazlardan keçid qaydalarını yenidən müəyyən etdiklərini açıqlayıb:

"Bu qaydalar kifayət qədər aydındır. ABŞ və İsrail ilə əlaqəli heç bir ünsürün keçid hüququ yoxdur. Boğazdan kimin keçib-keçməyəcəyinə biz qərar veririk".

"Anadolu” agentliyi" müxbirinin real vaxt rejimində gəmi izləmə şirkəti olan "MarineTraffic"dən əldə etdiyi məlumatlara görə, 20-22 mart tarixləri etibarilə Hörmüz boğazı ətrafında hərəkət edə bilməyən təxminən 1 900 gəmi var.

Bunların 324-ünü quru yük gəmiləri, 315-ini neft/kimyəvi məhsul, 267-sini neft məhsulları və 211-ni xam neft tankerləri təşkil edir. 

“Vortexa” şirkətinin məlumatına görə, bölgədə qalan tankerlərdə təxminən 190 milyon barel xam neft və neft məhsulu var.

Bölgədə 177 ümumi yük gəmisi, 174 konteyner gəmisi, 98 LPG gəmisi, 42 asfalt/bitum gəmisi, 37 ağır yük daşıyan gəmi, 34 LPG/kimyəvi tanker olduğu halda, qalan hissəni "Ro-Ro" yük gəmiləri və yanacaq doldurma tankerləri kimi digər növlər təşkil edir.

Dünyanın ən böyük konteyner daşıma şirkətlərindən biri olan Almaniya mərkəzli "Hapag-Lloyd" tərəfindən yayımlanan açıqlamada, davam edən gərginlik səbəbindən şirkətin 6 gəmisinin Fars körfəzində hərəkət edə bilmədiyi qeyd olunub.

Seçilən
43
cebheinfo.az

1Mənbələr