Futbol tarixinin ən çox şişirdilmiş, həddindən artıq qiymətləndirilmiş 25 oyunçusunun siyahısında adı olanların 20-i ilə bağlı and içərəm ki, siyahıya haqlı salınıblar. Amma beş futbolçuya qarşı haqsızlıq olduğunu düşünürəm.
"Perplexity AI"-nin hazırladığı və "Sport Bible" tərəfindən yayılan siyahı aşağıdakı kimidir: Neymar, Pol Poqba, Zlatan İbrahimoviç, Paul Skoulz, Mario Balotelli, Deli Alli, Mesut Özil, Cek Uilşir, David Bentli, Robinyo, Xuan Sebastian Veron, Radamel Falkao, Fernando Torres, Antoni, Joao Feliks, Alvaro Morata, Anhel Di Maria, Kaka, Adriano, Mario Qötze, Hakim Ziyeq, Teo Uolkot, El-Hacı Diuf, Rahim Sterlinq, Denilson.
Məncə, Neymara qarşı ədalətsiz davranılıb. O, çox yaxşı futbolçudur, sadəcə ceyran ayaqlıdır və topla çox jonqlyorluq edir deyə, hozu müdafiəçilər təpiyi onun topuğundan qoyurlar, o da məcbur olur çəmənə uzanıb qıvrılsın, yumbalansın. Neymarda olan driblinq, top ram etmək, dəqiq ötürmə vermək qabiliyyəti çox az futbolçuda var.
![]()
Gəlmiş-getmiş futbolçulardan ən zəhləmgetmişi olan İbrahimoviç də haqsızlığa uğrayıb. Adam futbol virtuozudur, onun qədər gözlənilməz və gözəl qollar vuran oyunçu ya bir olar, ya iki. Zlatanın minusu ifrat təkəbbürlü olması, yabılığı, irqçiliyi, mədəniyyətsizliyidir. Adam qaydanı pozur, hakim onu yanına çağırır, getmir, deyir, sözün var, özün yaxınlaş. Özündən boyca balaca olan furbolçuların başından basdığı, hələ qayıdıb onların boyuna lağ elədiyi epizodlar çox olub. Bir dəfə isə İbrahimoviçin məşq zamanı “Milan”ın heyətinə yeni cəlb edilmiş qaradərili gənc oyunçuların, yumşaq desək, yumşaq yerinə təpik tutuzdurduğu epizodunun videosu yayılmışdı. Fağır futbolçular ona sual dolu nəzərlərlə baxırdılar, yəni bizi niyə vurursan. Zlatan isə irişə-irişə onlara “buraların şefi mənəm, yaxşı eləyirəm” ədası ilə baxırdı. Yəni eşşək olmağına eşşəkdir, amma əla futbolçudur.
Kaka və Məsut Özil niyə o siyahıya salınıb, anlaşılmır. İkisi də zamanında əla oyunlar oynayıb, gözəl qollar vurublar, ötürmələr ediblər, çempionluqlar yaşayıblar.
Anhel Di Mariyanın da parlaq oyunları olub – həm “Real”da, həm də Argentina millisində. Adam can qoyurdu.
Amma Poqba ilə Balotellinin şişirdilmiş oyunçular hesab edilməsi tam yerindədir. Balotellinin yeni çıxdığı vaxtı xatırlayıram, dünya mediası yazırdı ki, yeni Pelə gəlir. Mario hansısa komandanın qapısına bir babat qol vurmuşdu, sadəcə, top uça-uça gedib doqquzluqdan girmşdi. Menecerlər və idman yazarları Balotellinin tərifini necə göyə qaldırmışdılarsa, şan-şöhrəti dillərdə gəzirdi. Hətta o vaxt BDU tələbələri Telli adlı qrup yoldaşları qızla zarafat edimişlər ki, övladın olanda adını Balatelli qoyarsan, həm öz adına yaraşar, həm də Marionu andırar.
![]()
Poqba da futbol arenasına tornado kimi girmişdi, hamı bir fikirdə yekdil idi ki, Pol Peleni unutduracaq. Pol isə yalnız saçını saraltması ilə tanındı, meydançada o baş-bu başa yeriyirdi, adamda qaçmaq söhbəti yox idi.
Fernando Torres saçını refle etdirməklə ondan da ötəydi. İnsafən, ona yaraşırdı da. Amma meydanda yerimək işində Verona çatan olmazdı. Adamın adı pleymeyker kimi çıxmışdı, top ona ötürüləndə, o da tez başqa birinə ötürürdü ki, üstündə qalmasın, adı top itirən kimi çıxmasın. Qiyməti isə ərşdə-gürşdəydi.
Uilşir və Bentli kim olub, nə oynayıblar, yadıma düşmədi, amma Deli Allinin əl barmaqlarıya nəsə bir qəliz konfiqurasiya düzəltməsini xatırlayıram.
Falkao və Morata “Qalatasaray”a gələndə azarkeşlər deyirdilər, biti daha, “Fənər”in işığı söndü, bundan belə bütün qələbələr “Cim-bom”undur. Amma nə Falkao, nə də Morata yaxşı oyun göstərə bilmədilər. Deyəsən, Moratanın iki qol üst-üstə vurmuşluğu olmadı, quru gəldi, quru getdi.
Siyahıdakı o biri oyunçular isə açıq-aşkar deyildikləri, tərifləndikləri qədər deyildilər. Ortalama 50-60 milyon qiymətləri vardı, amma 1-2 milyona dəyərdilər, ya dəyməzdilər.
Bunları menecerlər öz hövzələrinin jurnalistləri ilə birləşərək şişirdirdilər və növbə ilə bir neçə kluba sırıyaraq milyonlar qazanırdılar.
İndinin özündə də bir futbolçu bir-iki oyun yaxşı oynayanda, bir cüt qol vuranda qiyməti bir gecədə 10 milyon dollar qalxır. Növbəti həftə görürsən ki, onun bir keks yediyi yoxdur, eləcə, Veron kimi ortada gəzir.
![]()
Əslində bizim Ramil Şeydayevlə Araz Abdullayevi də o siyahıya sala bilərdilər. Görünür, ya bizimkilər lazımi qədər şişirdilməyib, ya da onları futbolçu saymırlar. İnşallah, Nəriman Axundzadənin adı elə siyahılara düşməz.
**
Dünya köhnə dünyadır, şişirdilmişləri təzədir.