AZ

U-19 litvalıların qapısına yaxın düşə bilməyib! – AÇ matçında qapıya zərbə yoxdu...

Ölkəmizin U-19 yığmasının dünən Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirdiyini yazmışıq. Xatırladaq ki, B liqasının 6-cı qrupunda yer alan komanda Litvanın Kaunas şəhərində yerli kollektivlə qarşılaşıb və böyük hesabla uduzub - 0:4.

Meydan sahibləri hər iki hissədə üstün performans sərgiləyib. Litvalılar 29, 45+1, 74 və 82-ci dəqiqələrdə fərqlənib. Ancaq rəqəmlər təkcə hesab baxımından üzücü deyil. Acı reallıq olsa da gizlətməməliyik: UEFA-nın saytında yer alan statistikaya əsasən, rəqib qapıya 16 zərbə (9-u “çərçivə”yə) vurubsa, Elxan Abdullayevin rəhbərlik etdiyi millimiz bu göstəricidə hesabı aça bilməyib. Komanda cəmi iki hücum reallaşdırıb ki, bu zaman da həlledici ana qədər irəliləmək mümkün olmayıb.
Litvalılar 8, bizimkilər cəmi 1 künc zərbəsi qazanıb. Təəssüf ki, yığmamız rəqibi, sadəcə, qayda pozuntularının sayında yaxşı mənada qabaqlayıb - 9:13.

Onu da xatırladaq ki, millimiz ötən ay Moldovada təlim-məşq toplanışında olmuş, burda yerli komandayla iki oyundan birindən məğlub (0:1), birindən qalib (2:1) ayrılmışdı. U-19 seçmə mərhələdə növbəti matçını martın 28-də Şimali İrlandiyadan olan həmyaşıdlarına qarşı keçirəcək. Bu oyun Bakı vaxtıyla saat 17.00-da start götürəcək.

KƏNAN BAHADIR

Seçilən
34
1
football-plus.az

2Mənbələr