Məlumata görə, İran ərazisində ABŞ qüvvələrinə qarşı mümkün quru qarşıdurmasına hazırlıq çərçivəsində bir milyondan çox döyüşçü səfərbər olunub.
Hərbi mənbənin Tasnim News Agency-yə verdiyi açıqlamada bildirilir ki, ABŞ-ın İranın cənub cəbhəsində quru müdaxiləsi ehtimalı ilə bağlı artan müzakirələr fonunda İran quru qoşunları arasında böyük ruh yüksəkliyi yaranıb. Mənbə qeyd edib ki, döyüşçülər ABŞ qüvvələri üçün İran torpağında “tarixi cəhənnəm” yaratmağa hazır olduqlarını bildirirlər.
Eyni zamanda, son günlərdə İran gəncləri tərəfindən Bəsic, İslam İnqilabı Keşikçiləri Korpusu və ölkə ordusuna qoşulmaq üçün kütləvi müraciətlərin daxil olduğu vurğulanıb.
Mənbə əlavə edib ki, ABŞ-ın Hörmüz boğazı ilə bağlı planlarına qarşı İran hər iki ssenariyə hazırdır: “Əgər ABŞ intihar xarakterli taktika ilə boğazı açmaq istəyirsə, buyursun. Biz həm onların planının reallaşmasına, həm də boğazın bağlı qalmasına hazırıq.”
Xəbərdə həmçinin qeyd olunur ki, ABŞ və İsrail qüvvələri fevralın 28-də İranın ali dini lideri Seyid Əli Xamenei və bir neçə yüksək rütbəli hərbçi ilə mülki şəxslərin öldürülməsindən sonra genişmiqyaslı hərbi əməliyyatlara başlayıblar.
Hücumlar nəticəsində İranın müxtəlif bölgələrində hərbi və mülki obyektlərə zərbələr endirilib, çoxsaylı insan tələfatı və infrastrukturun ciddi dağıntıları qeydə alınıb.
Buna cavab olaraq İran Silahlı Qüvvələri ABŞ və İsrail mövqelərinə, eləcə də regiondakı hərbi bazalara raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.