AZ

Aİ Rusiyadan nüvə yanacağına qoyulan qadağanı yenidən nəzərdən keçirməyəcək

Avropa İttifaqı (Aİ) Yaxın Şərq münaqişəsinin səbəb olduğu enerji böhranına və Macarıstanın etirazlarına baxmayaraq, Rusiya enerji daşıyıcılarından, o cümlədən nüvə yanacağından imtina edilməsi üzrə strateji xəttini qoruyub saxlayır.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasından Rusiyanın "İzvestiya" qəzetinə bildiriblər.

"Komissiya Rusiya atom enerjisindən asılılığın mərhələli şəkildə dayandırılması barədə təklifin hazırlanması üzərində işləyir. Bu iş aktiv mərhələdədir", - deyə məlumatda bildirilir.

Nəşr qeyd edir ki, Rusiya enerji resurslarından asılılıqdan qurtulmağa yönəlmiş strateji vektor Aİ tərəfindən hələ 2022-ci ilin mayında "REPowerEU" planının işə salınması çərçivəsində təsbit edilmişdi. Bununla belə, Avropa Komissiyası nüvə seqmentini də rəsmən əhatə edən vahid yol xəritəsini yalnız 6 may 2025-ci ildə açıqladı.

Budapeşt dərhal bu cür planlarla razılaşmadığını bildirdi - Macarıstanın xarici işlər naziri Peter Siyarto bu təşəbbüsü qəbuledilməz adlandırdı. Macarıstanı xüsusilə narahat edən məsələ Rusiyanın milli atom generasiyasının inkişafındakı iştirakıdır. Ölkə ərazisində "Pakş-2" AES layihəsi həyata keçirilir - Rusiyanın "Rosatom" dövlət korporasiyası VVER-1200 tipli iki yeni enerji bloku inşa edir, obyektdə tikinti işləri artıq gedir.

Problem birbaşa sovet və Rusiya tipli reaktorları olan beş Aİ ölkəsinə - Bolqarıstan, Çexiya, Finlandiya, Macarıstan və Slovakiyaya toxunur. Onlar üçün Rusiya nüvə tsiklindən imtina etmək alternativ yanacağa uzunmüddətli keçid deməkdir.

Finlandiya artıq "Loviisa" AES-də İsveçdəki zavodunda VVER reaktorları üçün yanacaq istehsalını mənimsəyən Amerikanın "Westinghouse" şirkətinin yanacağından istifadə etməyə başlayıb. Çexiya 2025-ci ildə "Temelin" və "Dukovana" AES-ləri üçün ilk yanacaq partiyalarını alıb. Bolqarıstan 2024-cü ildə ilk dəfə "Kozloduy" AES-in beşinci blokuna "Westinghouse" yanacağını yükləyib, bununla yanaşı, tənzimləyici bu blokun tam keçidinin bir neçə il çəkəcəyini və yalnız 2027-ci ilə qədər başa çatacağını gözləyir.

Slovakiya və Macarıstan da formal olaraq əvəzedici hazırlamağa başlayıblar, lakin daha yavaş: Bratislava Fransanın "Framatome" şirkəti ilə 2027-ci ildən "Bohunitse" və "Moxovtse"yə tədarük üçün müqavilə imzalayıb. 2024-cü ilin oktyabrında "Framatome" Macarıstanın "Pakş" AES-i üçün də 2027-ci ildən başlayaraq yanacaq tədarükünə dair uzunmüddətli müqavilə barədə məlumat verib.

Seçilən
52
far.az

1Mənbələr