AZ

"JPost": İsrail ordusunda şəxsi heyətin kəskin çatışmazlığı müşahidə olunur

Şəxsi heyətin kəskin çatışmazlığı problemini həll etmək mümkün olmasa, İsrail Müdafiə Qüvvələri (İMQ) yaxın vaxtlarda süqutun astanasında ola bilər.

"Report" yerli "The Jerusalem Post" nəşrinə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təhlükəsizlik məsələlərinə həsr olunmuş iclasında İMQ-nin Baş Qərargah rəisi Eyal Zamir bildirib.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, yaranmış vəziyyət, xüsusilə davam edən hərbi əməliyyatlar şəraitində kadrların kritik çatışmazlığı səbəbindən fövqəladə narahatlıq doğurur. "Jpost" qeyd edib ki, hətta dinc dövrdə belə Qəzza sektoru, Livan, Suriya ilə sərhədlərin, eləcə də İordan çayının Qərb sahilinin təhlükəsizliyini təmin etmək üçün İsrailə əhəmiyyətli dərəcədə daha çox hərbi qulluqçu lazımdır.

"Əgər hökumət qoşunların sayının artırılması ilə bağlı tədbirlər görməsə, müdafiənin bir sıra sahələrində ciddi boşluqlar yaranacaq", - qəzet mənbələrin sözlərini sitat gətirib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Seçilən
20
far.az

1Mənbələr