AZ

Benzin qiymətləri ilə bağlı son dəqiqə açıqlaması – Yenə bahalaşacaq?

Son dövrlərdə dünya enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycanda benzin qiymətləri məsələsi yenidən diqqət mərkəzinə gəlib. Neftin qlobal qiymətlərindəki dalğalanmaların daxili bazara mümkün təsirləri ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Sürücülər və ümumilikdə əhali isə yaxın perspektivdə yanacağın bahalaşıb-bahalaşmayacağı ilə maraqlanır.

Bəs, Azərbaycanda benzin qiymətlərində yaxın zamanda artım və ya azalma gözlənilirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda benzin qiymətləri sərbəst bazar prinsipləri ilə deyil, dövlət tərəfindən tənzimlənir.

İqtisadçı

Onun sözlərinə görə, bu səbəbdən dünya bazarında neftin bahalaşması və ya ucuzlaşması daxili yanacaq qiymətlərinə dərhal təsir göstərmir. Ölkədə yanacaq qiymətləri Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilir və adətən uzun müddət sabit saxlanılır. Hazırda isə benzin qiymətlərinin artırılması və ya azaldılması ilə bağlı hər hansı rəsmi qərar və ya açıqlama yoxdur.

Akif Nəsirli qeyd edib ki, xüsusilə sosial baxımdan geniş istifadə olunan Aİ-92 markalı benzinin qiyməti dövlət tərəfindən sabit saxlanmağa çalışılır. Bu da onunla izah olunur ki, həmin yanacaq növü əhalinin gündəlik xərclərinə və nəqliyyat sektoruna birbaşa təsir edir.

Ekspert əlavə edib ki, Azərbaycanda yanacaq qiymətlərində dəyişikliklər adətən müəyyən iqtisadi şərtlər daxilində baş verir. Bu şərtlərə dövlət büdcəsinə əlavə yükün yaranması, subsidiyaların azaldılması və ümumi enerji siyasətində dəyişikliklər daxildir. Eyni zamanda, son illərin təcrübəsi göstərir ki, qiymət dəyişiklikləri qəfil deyil, əvvəlcədən müəyyən siqnallar verilməklə həyata keçirilir.

Nəticə etibarilə, mövcud vəziyyətə əsasən yaxın dövrdə benzin qiymətlərində ciddi dəyişiklik gözlənilmir. Lakin uzunmüddətli perspektivdə dünya bazarında neft qiymətlərinin yüksək qalması və ya daxili xərclərin artması müəyyən korrektələrə səbəb ola bilər.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
14
konkret.az

1Mənbələr