AZ

“TCG Akdeniz” freqatına quraşdırılacaq “Denizhan-76” topunun atış və qəbul sıınaqları tamamlanıb

Türkiyənin MİLGEM layihəsi çərçivəsində inşa olunmuş “İstif” sinifinin 5-ci freqatı “TCG Akdeniz” üçün “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən istehsal edilən “Denizhan-76” milli dəniz topu atış sınaqlarını və zavod qəbul testlərini uğurla tamamlayıb.

MKE-dən “Poliqon”a verilən məlumata görə, “Denizhan-76” topu 2026-cı ilin fevralında suya endirilən “TCG Akdeniz” freqatına quraşdırılacaq və “Mavi Vətən”in müdafiəsində xidmət edəcək.

“TCG Akdeniz” üçün istehsal edilən bu sistemlə birlikdə indiyə qədər Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilən milli dəniz toplarının sayı 6-ya çatıb.

Türkiyəyə qarşı dəniz topları sahəsində tətbiq edilən embarqolara cavab olaraq 2020-ci ildə hərəkətə keçən MKE, dünyada yalnız bir neçə ölkənin istehsal edə bildiyi 76 mm-lik milli dəniz topunu inkişaf etdirərək, cəmi 12 ay kimi rekord müddətdə istehsalını tamamlayıb.

Yaxın və orta mənzilli hədəflərə qarşı effektiv atəş gücü təqdim edən “Denizhan-76”, hava hücumundan müdafiə, suüstü döyüş və quru bombardmanı tapşırıqlarını uğurla yerinə yetirə bilir. Dəqiqədə 80 atış edə bilən top, təxminən 16 kilometr məsafəyədək effektiv atəş imkanı təmin edir.

Aşağı radar izinə malik dizaynı və çoxməqsədli imkanları ilə diqqət çəkən “Denizhan-76”, “Mavi Vətən”də təkcə Türkiyə Hərbi Dəniz Qüvvələrinin deyil, eyni zamanda dost və müttəfiq ölkələrə həyata keçirilən ixraclar vasitəsilə ölkənin müdafiə sənayesinin güclənməsinə də töhfə verir. Türk mühəndislərinin imzasını daşıyan “Denizhan-76”, ötən il İndoneziya ilə yanaşı, həm Avropa, həm də NATO ölkəsi olan Rumıniyaya ixrac edilib.

“Denizhan-76” milli dəniz topunun hazırlanması zamanı əldə etdiyi təcrübəni bir addım irəli daşıyan MKE mühəndisləri, 127 mm-lik milli dəniz topunu yerli və milli imkanlarla istehsal etmək üçün fasiləsiz şəkildə işlərini davam etdirirlər.

Bu çərçivədə, 127 mm dəniz topunun ilk mərhələsi olan silah sisteminin lüləsi MKE tərəfindən istehsal edilərək, 2025-ci ilin noyabr ayında “TCG Fatih” freqatında yerləşdirilmiş silah sisteminə inteqrasiya olunub və qəbul atış sınaqlarını uğurla tamamlayıb.

Seçilən
34
poliqon.az

1Mənbələr