AZ

Anti-manipulyasiya: 7 cür hücuma qarşı 5 növ müdafiə

Mütəxəssislərin fikrincə, bu cür fırıldaqçılıq hallarında əsas vasitə psixoloji manipulyasiyadır. Psixoloqlar bildirirlər ki, manipulyasiya insanın zəif tərəflərinə təsir etməklə emosional “tələ” yaratmağa əsaslanır. Əvvəllər daha çox asan qazanc vədlərindən istifadə olunurdusa, hazırda əsasən hüquqi məsuliyyət qorxusu ön plana çəkilir. Bu isə bəzi hallarda insanlarınböyük məbləğlər ödəməsinə, hətta əmlaklarını satmasına səbəb olur.

Ekspert qeyd edir ki, oxşar psixoloji təsir üsullarından yalnız fırıldaqçılar deyil, bəzi dini qruplar və reklam kampaniyaları da istifadə edir. İnsanlarda qəbul olunmaq, diqqət çəkmək və ya daha yaxşı həyat arzusu kimi hisslər manipulyasiya alətinə çevrilir.

Manipulyasiyanın əsas əlamətləri

Yaltaqlıq– süni şəkildə özəl və dəyərlilik hissi aşılamaq;
Qorxutma– cəza və ya təhlükə ilə bağlı təzyiq göstərilməsi;
Günah hissi aşılamaq– edilməmiş hərəkətlərə görə məsuliyyət yüklənməsi;
Tələsməyə məcbur etmə– qərar vermək üçün vaxtın az olduğunu iddia etmək;
Saxta seçim təqdim etmək– hər iki variant manipulyatorun xeyrinə olur;
Məlumatın gizlədilməsi– yalnız birtərəfli informasiyanın təqdim olunması;
Məhdudluq effekti– “indi etməsən, gec olacaq” kimi iddia.

Necə qorunmalı?

Mütəxəssislər belə hallarda emosional deyil, rasional davranmağı tövsiyə edir. Əsas yanaşmalar aşağıdakılardır:

• Qərar verməyə tələsməmək və vaxt qazanmaq;
• Qarşı tərəfin təzyiq etdiyini açıq şəkildə üzünə vurmaq;
• Şəxsi sərhədləri qorumaq;
• Səbrli olub, emosional halda qərar qəbul etməmək;
• Şübhəli məlumatları müstəqil şəkildə yoxlamaq.

Qeyd edək ki, insan öz ehtiyaclarını və prioritetlərini düzgün dərk etdikdə manipulyasiyaya qarşı daha dayanıqlı olur. Əsas məsələ başqalarının təsiri altına düşmədən qərar vermək və şəxsi maraqları qorumaqdır.

Bəzən fırıldaqçılar ayrı-ayrı şəxslərin messencer hesablarını ələ keçirməyə çalışırlar. Bunun üçün çox vaxt müxtəlif şirnikləndirici hədiyyələr təklif edirlər. Oğurlanan hesablar vasitəsilə fişinq linkləri göndərilir, istifadəçilər saxta botlara yönləndirilir, həmçinin bank və dövlət xidmətlərinə çıxış əldə edilməyə çalışılır. Bundan əlavə, şəxsi yazışmalardan əldə edilən məlumatlar şantaj və ya maliyyə vasitələrinə giriş üçün istifadə oluna bilər.

Kibercinayətkarlara lazım olan hesabın özü deyil, onunla bağlı formalaşmış etibardır. Yəni bilinən ad, profil şəkli, yazışma tarixçəsi və kontaktlar siyahısı cinayətkarların imkanlarını xeyli genişləndirir.

Ələ keçirilmiş hesab vasitəsilə yalnız bir nəfər deyil, onun yaxın ətrafı – ailə üzvləri, həmkarları, valideynləri, bir sözlə bütün çevrəsi də hədəfə çevrilir. Bu səbəbdən fırıldaqçılar avtorizasiya kodlarını əldə etməyə və messencerlərə giriş qazanmağa çalışırlar.

Tələyə düşməyərək hesab təhlükəsizliyini qorumaq üçün iki mərhələli identifikasiyadan istifadə etmək, avtorizasiya kodlarını heç kimlə paylaşmamaq və hətta tanış hesabdan gələn mesajlara qarşı ehtiyatlı yanaşmaq tövsiyə edilir.

Məhəmmədəli Həsənli
AzVision.az
Seçilən
53
1
azvision.az

2Mənbələr