AZ

Fransa müdafiə sahəsinə əlavə milyardlar ayırır: sursat sifarişləri artırılır

Paris, 27 mart, AZƏRTAC

Fransa hökuməti 2030-cu ilə qədər sursat alınması üçün əlavə 8,5 milyard avro ayırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Fransa hökuməti müdafiə sahəsində yeni maliyyə paketini açıqlayıb. Baş nazir Sebastyan Lökornü Milli Assambleyada çıxışı zamanı 2026–2030-cu illər arasında sursat alınması üçün əlavə 8,5 milyard avro vəsait ayrılacağını bildirib.

Bu qərar Yaxın Şərqdə müharibənin başlanmasından təxminən bir ay sonra, qlobal silahlanma yarışının sürətləndiyi bir dövrdə qəbul edilib. Yeni maliyyələşmə hərbi proqramlaşdırma qanununun (LPM) yenilənməsi çərçivəsində həyata keçiriləcək və parlamentdə may-iyun aylarında müzakirəyə çıxarılacaq.

“Təcili prioritet sursatdır. 2026–2030-cu illər üçün əlavə 8,5 milyard avro sifariş planlaşdırırıq. Bu, 2023-cü ildə qəbul edilən proqram çərçivəsində ayrılmış 16 milyard avroya əlavədir. Bu, zəruridir və eyni zamanda çox böyük bir rəqəmdir”,-deyə Sebastyən Lökornü bildirib.

Onun sözlərinə görə, yenilənmiş LPM layihəsi aprelin 8-də Nazirlər Şurasına təqdim olunacaq, daha sonra mayın əvvəlində Milli Assambleyada, iyunun 1-də isə Senatda müzakirə ediləcək.

Baş nazir qeyd edib ki, bu proqram nəticəsində sursat sahəsinə ayrılan maliyyə əvvəlki dövrlə müqayisədə dörd dəfə artacaq. O, həmçinin Essonne bölgəsində ayda minlərlə dron istehsal edə biləcək yeni zavodun açılacağını açıqlayıb.

Bu artımı dəstəkləmək üçün “France Munitions” adlı yeni platforma yaradılacaq. Platforma həm Fransa ordusunun, həm müttəfiq ölkələrin, həm də ixrac bazarlarının ehtiyaclarını qarşılamağa yönələcək və dövlətlə yanaşı özəl investorlar tərəfindən maliyyələşdiriləcək.

Bununla yanaşı, mülki və hərbi sektoru əhatə edən “ikili təyinatlı” sənayeni dəstəkləmək üçün 300 milyon avroluq əlavə planın həyata keçirilməsi nəzərdə tutulur.

Yeni hərbi proqram çərçivəsində “milli təhlükəsizlik xəbərdarlığı vəziyyəti” adlı xüsusi rejimin tətbiqi də planlaşdırılır. Baş nazir bildirib ki, bu mexanizm təhlükə yarandıqda qərarların sürətləndirilməsinə, prosedurların sadələşdirilməsinə və strateji layihələrin həyata keçirilməsindəki maneələrin aradan qaldırılmasına imkan verəcək.

Bu rejim həmçinin zərurət yaranarsa bəzi qaydalardan müvəqqəti kənara çıxmağa, o cümlədən həssas obyektlərin qorunmasını gücləndirməyə, sursat və yanacaq ehtiyatlarının saxlanmasını asanlaşdırmağa imkan verəcək. Eyni zamanda, hərbi qüvvələrin daha sürətli yerləşdirilməsi üçün infrastrukturun operativ qurulması və nəqliyyat qaydalarının uyğunlaşdırılması nəzərdə tutulur.

Baş nazir çıxışında Hörmüz boğazı ilə bağlı İranın son açıqlamalarına da münasibət bildirib. Onun sözlərinə görə, qeyri-düşmən gəmilərin keçidinə icazə verilməsi ehtimalı “böhranın yeni mərhələyə keçidinin əlaməti” ola bilər, lakin ziddiyyətli bəyanatlar fonunda ehtiyatlı olmaq vacibdir.

“Bu nəqliyyat böhranının istehsal böhranına çevrilməsinin qarşısını almaq üçün hər şeyi etməliyik”, – deyə Sebastyan Lökornü vurğulayıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Seçilən
18
1
azertag.az

2Mənbələr