Qlobal siyasətdə balanslı və praqmatik kursu izləməyə çalışan Hindistan son dövrlərdə həm Rusiya ilə münasibətlərini dərinləşdirir, həm də Qərb ilə əlaqələrdən imtina etmədiyini açıq şəkildə nümayiş etdirir. Bu çoxvektorlu yanaşma beynəlxalq münasibətlər sistemində Yeni Dehlinin artan rolunu və strateji muxtariyyət siyasətini bir daha təsdiqləyir.

Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, martın 23-də keçirilən “Rusiya və Hindistan: İkitərəfli münasibətlər üçün yeni gündəliyə doğru” adlı konfrans da bu istiqamətdə atılan addımların bariz nümunəsidir: "Rusiya və Hindistanın akademik, ekspert və diplomatik dairələrinin bir araya gəldiyi konfransda ikitərəfli münasibətlərin mövcud vəziyyətinə qiymət verilib və qarşıdakı bir neçə ildə siyasi tədbirlərin davam etdirilməsi üçün zəruri olan yeni addımların vacibliyi vurğulanıb. Xarici işlər naziri Sergey Lavrov konfrans iştirakçılarına video müraciətində bildirib ki, ölkəsi Hindistanla münasibətlərinin inkişafını xarici siyasətdə əsas prioritetlərdən biri hesab edir. Lavrov çıxışında Hindistanın ünvanına başqa tərifli sözlər də söyləyib. O, Yeni Dehlinin müstəqil xarici siyasət yürütməsini və milli maraqları daim birinci yerə qoymasının dərin hörmətə layiq olduğunu vurğulayıb. Konfransda Yaxın Şərqdəki vəziyyət ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsinin qlobal təsirləri də müzakirə olunub".
Politoloq vurğulayıb ki, Yeni Dehlinin Moskva ilə strateji tərəfdaşlığını gücləndirməsi Hindistanın xarici siyasət prioritetləri arasında qalır: "Rusiya Prezidenti Vladimir Putinin 2025-ci ilin dekabr ayında Yeni Dehliyə səfəri zamanı strateji tərəfdaşlığı gücləndirən sazişlər imzalanıb. Öz növbəsində Kreml Hindistanın baş nazir Narendra Modinin bu il ərzində Moskvaya səfər edəcəyini gözləyir. 2025-ci ildə ikitərəfli ticarətin həcmi təxminən 60 milyard dollar olub. Liderlər 2030-cu ilə qədər bu rəqəmin 100 milyard dollara çatdıılması məqsədini təsdiqləyiblər. Maraqlıdır ki, hər iki tərəf ticarətdə dollardan imtina etməyə çalışır. İki ölkə arasında ticarətin 96 faizi milli valyutalarda aparılır".
Elxan Şahinoğlu həmçinin qeyd edib ki, Moskva ilə Yeni Dehli BRİCS təşkilatının gücləndirilməsi qənaətindədirlər: "Narendra Modi hesab edir ki, BRİCS Yaxın Şərqdə müharibələrinin dayandırılması üçün diplomatik fəallığını artırmalıdır. Çünki Yaxın Şərqdə gərginlik və müharibələr BRİCS üçün ciddi problemlərə səbəb olub. Bölgədəki müharibələr nəqliyyat yollarından istifadəyə və gəmiçiliyə ciddi əngəllər yaradıb. Narendra Modi bu mövzunu İran Prezident Məsud Peşeşkianla telefon söhbətində də müzakirə edib.
Yeni Dehlinin Moskva ilə strateji tərəfdaşlığı gücləndirməsinə baxmayaraq, Hindistan hökuməti xarici siyasətdə strateji muxtariyyət kursundan da imtina etmir. Bu o deməkdir ki, Yeni Dehli ABŞ və Avropa İttifaqı ilə müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlıdır. ABŞ və Avropa İttifaqı ölkələri Hindistanın əsas ticarət tərəfdaşlarıdır. Ona görə də Hindistanın Rusiya ilə yaxınlığı Qərbə qarşı yönəlməyib".
Xalidə Gəray,
Musavat.com