ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Ümumdünya Meteorologiya Təşkilatı qlobal istiləşmənin artıq real və ciddi nəticələr doğurduğunu bildirir. Məsələn, Arktika bölgəsində buzlaqların sahəsi tarixdə görünməmiş səviyyədə kiçilib.
Bəs Xəzər hövzəsində iqlim dəyişikliyi özünü necə göstərir? Azərbaycan üçün bu prosesin yaratdığı əsas iqlim təhlükələri hansılardır?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında ekoloq Sevil Yüzbaşova deyib ki, bu ay keçirilən BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) iclasında açıqlanan Ümumdünya Meteorologiya Gününə həsr olunmuş illik hesabatda bildirilib ki, Yer kürəsində iqlim dəyişkənliyi kritik həddə çatıb.
İqlimoloqlar qeyd ediblər ki, istixana qazlarının yüksək konsentrasiyası atmosferi və okeanları istiləşdirməyə davam edir və qlobal istiləşmə artıq Arktika dəniz buzlarının rekord dərəcədə azalmasına səbəb olub.
Hesabatda deyilir: “Bu sürətli dəyişikliklər cəmi bir neçə onillik ərzində baş verib, lakin yüzlərlə və potensial olaraq minlərlə il ərzində mənfi nəticələrə səbəb olacaq”.
Hesabatda həmçinin bildirilib ki, Yer kürəsinin iqlimi hazırda ən qeyri-sabit vəziyyətdədir.
Sevil Yüzbaşova bildirib ki, hazırda dünyada və Azərbaycana qonşu olan ölkələrdə iqlimə acı təsirləri olan çox ağır müharibə gedir. Müharibə ətraf mühitə kompleks şəkildə və eləcədə dağıdıcı təsir göstərir ki, bu da iqlim dəyişikliyini əhəmiyyətli dərəcədə sürətləndirir və ekoloji böhranları daha da ağırlaşdırır:

“Hərbi əməliyyatlar, avadanlıqların istismarı, partlayışlar və yanğınlar çoxlu miqdarda istixana qazlarının buraxılmasına səbəb olur. İnfrastrukturun (silah istehsal edən zavod, fabriklər, anbarlar) dağılması zəhərli emissiyaların artmasına səbəb olur, ekosistemlər məhv edilir. Müharibələr meşələrin məhv olmasına, qorunan ərazilərdə yanğınlara və heyvanların ölümünə səbəb olur ki, bu da təbiətin karbonu udma qabiliyyətini azaldır. Neft və qaz boru kəmərlərinin, eləcə də enerji qurğularının zədələnməsi metan və digər çirkləndiricilərin atmosferə sızmasına səbəb olur ki, bu da istixana effektini artırır. İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün lazım olan maliyyə və siyasi resurslar hərbi ehtiyaclara yönəldilir və bu da qlobal dekarbonizasiya səylərini ləngidir. Silahlı münaqişələr bölgələri quraqlıq və daşqınlar kimi ekstremal hava hadisələrinə daha həssas edir ki, bu da öz növbəsində ərzaq təhlükəsizliyinə təsir göstərir. Biz bu müharibənin mənfi təsirlərini bundan sonra daha çox hiss edəcəyik. Müharibə ekoloji problemləri planet üçün uzunmüddətli təhdidlərə çevirir, davamlı inkişafa keçidi ləngidir və atmosferdə istixana qazlarının konsentrasiyasını artırır.
Azərbaycan iqlim dəyişikliyindən birbaşa təsirlənən regionlardan biridir. Azərbaycan üçün ən böyük iqlim riskləri əsasən istiləşmə, səhralaşma, su ehtiyatlarının azalması və ekstremal hava hadisələrinin artması ilə bağlıdır. Bizim və dünya üçün əsas iqlim riskləri kimi orta illik temperaturun artması, quraqlıq günlərinin artması, Xəzər dənizinin səviyyəsinin enməsi, buzlaqların əriməsi, su ehtiyatlarının azalması və aridləşmə (quraqlıq), meşə ehtiyatlarının azalması və s göstərə bilərik”.

Ekoloq qeyd edib ki, statistikaya görə, temperaturu 30°C-dən yuxarı olan günlərin sayı əvvəlki illərlə müqayisədə təxminən 18% artıb. Ölkədə olan yüksək dağlıq ərazilərdə buz ehtiyatlarının azalması, buzlaqların əriməsi su ehtiyatlarının azalmasına və uzunmüddətli su qıtlığı təhlükəsinə yol açır:
“Su resurslarının azalması kənd təsərrüfatı və ekosistemlər üçün böyük təhlükə yaradır. İqlim dəyişikliyi meşə sahələrinin azalmasına və biomüxtəlifliyə də mənfi təsir göstərir. Bu amillər, xüsusilə su çatışmazlığı və kənd təsərrüfatı sahəsində ciddi iqtisadi və ekoloji problemlərə səbəb ola bilər. İqlim dəyişikliyi həmçinin Xəzər regionuna əhəmiyyətli dərəcədə təsir göstərir. Bu, əsasən dəniz suyun səviyyəsinin aşağı düşməsi və ekstremal hava hadisələrinin artması ilə əlaqəli ekoloji böhran şəklində özünü göstərir. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi tendensiyası 2006-cı ildən bəri sabit şəkildə qeydə alınıb. 2021-ci ilə qədər dəniz 2005-ci illə müqayisədə 119 sm dayazlaşıb. Bu, buxarlanmanı sürətləndirən artan temperatur və hava dövranında olan dəyişikliklərlə əlaqədardır. Dayazlaşma ekosistemlərin məhvinə, heyvanların (xüsusən də Xəzər suitisinin) ölümünə, balıq ehtiyatlarının azalmasına səbəb olur və gəmiçiliyin fəaliyyətinə mane olur. Qlobal istiləşmə quraqlığın artmasına, daha çox gün ərzində həddindən artıq isti havanın baş verməsinə və sahil ərazilərində səhralaşmanın güclənməsinə səbəb olur. İqlim dəyişikliyi Xəzər regionuna ciddi təsir göstərir və suyun səviyyəsinin sürətlə aşağı düşməsinə səbəb olur ki, bu da 2025-2026-cı illərdə instrumental müşahidələr tarixində rekord səviyyəyə çatıb. Son illərdə kritik dayazlaşma 2026-cı ilin əvvəlinə qeyd edilib ki, dəniz səviyyəsi təxminən -29,4 m-ə düşmüşdü ki, bu da 1977-ci ilin tarixi minimum səviyyəsindən (-29,0 m) aşağıdır. 2020-ci ildən bəri dəniz səviyyəsinin azalma sürəti ildə 30 sm-ə qədər artmışdır. Dayazlaşmanın əsas səbəbi hava temperaturunun artmasıdır ki, bu da dəniz səthindən buxarlanmanın sürətlənməsinə və çaylardan (Volqa, Ural və s.) suyun axınını üstələməsinə səbəb olur. Şimal-şərqdə (Qazaxıstan sahilləri) dəniz onlarla kilometr geri çəkilərək geniş dəniz dibi sahələrini üzə çıxarıb. Bu, balıq və quşlar üçün yaşayış yeri olan dayaz su ekosistemlərini məhv edir. Alimlər xəbərdarlıq edirlər ki, əgər hazırkı istixana qazı tullantıları bu səviyyədə davam edərsə, Xəzər dənizinin səviyyəsi 2100-cü ilə qədər 9-18 metr enə bilər. Bu, dənizin şimal dayaz sektorunun tamamilə yox olmasına və ümumi sahəsinin 25%-ə qədərinin itirilməsinə səbəb olacaq.
Böyük Qafqazda buzlaqların sürətlə əriməsi də bölgənin su balansına da təsir göstərir. Əgər mövcud istiləşmə meylləri davam edərsə, Xəzər dənizi səviyyəsinin aşağı düşməyə davam edəcəyi gözlənilir ki, bu da təcili uyğunlaşma tədbirlərinin görülməsini tələb edir”.
Oğuz Ayvaz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.