AZ

İsrail ordusu çökə bilər — Baş Qərargah rəisindən ŞOK açıqlama

İsrailin Baş Qərargah rəisi Eyal Zamir ordunun ciddi kadr böhranı ilə üzləşdiyini bildirib. O qeyd edib ki, “çıxış yolu tapılmasa, ordu dağılma təhlükəsi ilə qarşı-qarşıya qala bilər”.

Bu açıqlamanın beynəlxalq dəstək qazanmaq məqsədilə şişirdilmiş mesaj olub-olmaması sual doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, ABŞ-ı İrana qarşı müharibəyə təşviq edən əsas tərəfin İsrail olduğu məlumdur. Lakin onun sözlərinə görə, tərəflərin bu münaqişədə maraqları fərqlidir.

Elşən

Politoloq qeyd edib ki, ABŞ İranın enerji resurslarına nəzarət etməklə qlobal bazarda qiymətlərə təsir imkanlarını genişləndirmək istəyir. İsrail isə daha çox İranın hərbi potensialını zəiflətməyə və siyasi rejimin dəyişməsinə nail olaraq regionda öz təhlükəsizliyini təmin etməyə çalışır. İranın nüvə silahı əldə etmək ehtimalı İsrail üçün əsas təhlükə kimi qiymətləndirilir. Eyni zamanda, İran rejiminin dəyişdirilməsi Vaşinqtonun da strateji planlarına daxildir. Çünki bu rejim regionda ABŞ-ın geosiyasi maraqlarına qarşı çıxan əsas qüvvə hesab olunur.

Elşən Manafov vurğulayıb ki, ABŞ-İran qarşıdurmasının qısa müddətdə, əsasən hava zərbələri ilə həll olunacağına dair gözləntilər özünü doğrultmayıb. Bundan əlavə, İsrailin “Dəmir qübbə” hava hücumundan müdafiə sisteminə olan güvən də İranın genişmiqyaslı hücumları fonunda zəifləyib. Bu isə ölkə daxilində narahatlığın artmasına səbəb olub. Hazırda İsraildə əhali arasında Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətə qarşı narazılıq müşahidə olunur.

Politoloq əlavə edib ki, ABŞ-ın daha genişmiqyaslı müharibəyə qoşulması münaqişənin uzanmasına, maliyyə xərclərinin artmasına və sosial narazılığın güclənməsinə gətirib çıxara bilər. Onun sözlərinə görə, münaqişənin ilk mərhələsində İranın siyasi və hərbi rəhbərliyinə qarşı həyata keçirilən hədəfli hücumlar da gözlənilən nəticəni verməyib. Əhalinin hökumətə qarşı kütləvi etirazları və etnik qarşıdurmalar proqnozlaşdırıldığı kimi baş verməyib.

Manafov hesab edir ki, ABŞ-da Donald Tramp administrasiyası daha əlverişli şərait yarandıqdan sonra bu məsələyə yenidən qayıtmağa çalışa bilər. Lakin müharibənin davamı həm maliyyə yükünü artırır, həm də ABŞ-ın dövlət borcu artıq 38 trilyon dolları ötüb. İranın müqaviməti, Hörmüz boğazı ətrafında yaranan risklər, eləcə də Çin və Rusiyanın Tehrana dəstəyi Vaşinqton üçün əlavə təzyiq faktorları yaradır. Bu isə ikinci “Vyetnam sindromu” ehtimalını gücləndirir.

Sonda politoloq bildirib ki, İsrail ərazi və əhali baxımından İranla müqayisədə xeyli kiçikdir. Əgər gözlənilən nəticələr əldə olunmayıbsa, Təl-Əviv mövcud vəziyyətdə əldə olunanlarla kifayətlənməli olacaq. Onun fikrincə, növbəti seçkilərdə İsrail seçiciləri müharibə tərəfdarı olan siyasi qüvvələrə etimad göstərməyə bilər. ABŞ-da da oxşar tendensiya mümkündür. Trampın mümkün qələbə bəyanatları isə amerikalı seçicilər tərəfindən “Pirrə qələbəsi” kimi qiymətləndirilə bilər.

Dəniz Pənahova

KONKRET.az

Seçilən
15
konkret.az

1Mənbələr