AZ

Yaxın Şərq gərginliyi neft bazarında qaydaları dəyişir: Rusiyaya qarşı sanksiyalar yumşaldılacaq?

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Yaxın Şərqdəki gərginlik və bundan dolayı İranın Hörmüz boğazında müəyyən tankerlərin hərəkətinə qoyduğu məhdudiyyətlər fonunda neft qiymətlərində kəskin artım təbii haldır.

ABŞ və İsrailin İranla bağlı hərbi fəaliyyətləri, həmçinin İranın strateji su yolunu bloklama potensialı qlobal tədarük zəncirinə birbaşa təsir göstərir və ölkələr alternativ enerji mənbələrinə yönəlmək məcburiyyətində qalır".

Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, bura ABŞ daxilində qiymət artımı ilə bağlı təzyiqləri və eləcə də Avropa ölkələrinin basqılarını əlavə etdikdə enerji məhsullarının qiymətlərində stabilliyə nail olunması üçün Birləşmiş Ştatlarla Rusiya arasında sanksiyaların qismən yumşaldılması istiqamətində müzakirələrin aparılması mümkün görünür:

"Amma söhbət təbii ki, tam sanksiya ləğvindən getmir. Bunun bir neçə səbəbi var. Birincisi, məlumdur ki, sanksiyalar siyasi vasitə kimi istifadə olunur və ABŞ onları Rusiya-Ukrayna müharibəsində strateji təzyiq aləti kimi saxlayır. Eyni zamanda, Rusiya ilə ABŞ arasında enerji sahəsində razılıq əldə etmək üçün etimad və uzunmüddətli mexanizmlər tələb olunur ki, bu da indiki geosiyasi vəziyyətdə mürəkkəbdir.

Bununla belə, qismən aradan qaldırma və ya yumşaltma ehtimalları realdır. Məsələn, tranzit ölkələri və ya idxalçı tərəflər üçün müəyyən kvotalar, tranzit və ya texniki güzəştlər tətbiq oluna bilər. Bu tip mexanizmlər həm bazarda qiymətləri stabilləşdirir, həm də siyasi tərəflərə imkan verir ki, sanksiyanın tam ləğvi olmadan müəyyən iqtisadi rahatlıq yaratsın. Belə bir addım həm ABŞ-yə, həm də Rusiyaya diplomatik manevr üçün imkan verə bilər. Yəni başqa sözlə, bununla Vaşinqton enerjinin qiymət artımından yaranan təzyiqləri idarə, Moskva isə gəlir axınını qismən təmin edir".

Ekspertin sözlərinə görə, Rusiyaya tətbiq edilən sanksiyaların qismən aradan qaldırılması baş verəcəksə, bu, Ukrayna ilə müharibənin taleyinə də dolayısı ilə təsir göstərəcək:

"Belə ki, iqtisadi təzyiq azalarsa, Moskva daha uzunmüddətli hərbi strategiya yürütmək üçün resurslara sahib olacaq. Eyni zamanda, Qərb üçün belə bir situasiyanın həm diplomatik, həm də hərbi təzyiq vasitələrinin effektivliyini sınağa çəkəcəyini də deyə bilərik. Yəni sanksiyaların qismən yumşaldılması Ukrayna tərəfi üçün maliyyə və hərbi resurs baxımından əlavə çağırışlar yarada bilər. Lakin bu, müharibənin nəticəsini birbaşa müəyyən etməyəcək. Ümumiyyətlə isə belə müzakirələrin aparılması realdır və qlobal enerji bazarının həssaslığı ilə əlaqədardır. Bunun nəticəsi həm qiymətlərin sabitləşdirilməsi, həm də geopolitik aktorlar üçün strateji manevrlərin artırılması şəklində görünəcək. Qısacası, bu sanksiya müzakirələri bazar və diplomatiyanın qarşılıqlı təsirini göstərən praktik bir nümunədir və həm ABŞ, həm Rusiya, həm də region ölkələri üçün uzunmüddətli planlaşdırmada kritik rol oynaya bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
1
baku.ws

2Mənbələr