Bersuat çayında baş verən daşqınlarla əlaqədar olaraq Qazaxıstan Rusiya sərhədində yerləşən Jelkuar buraxılış məntəqəsinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Rosqranstroy" Federal Dövlət Büdcə Müəssisəsi rəsmi "Telegram" kanalında açıqlama yayıb.
"Qazaxıstan ərazisində Bersuat çayının səviyyəsinin qalxması və daşması nəticəsində 27 mart 2026-cı il tarixindən etibarən qonşu Jelkuar buraxılış məntəqəsindən (Rusiya istiqamətində Mariinski) vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti müvəqqəti dayandırılıb", - deyə xəbərdə qeyd olunub.
Eyni zamanda, Çelyabinsk vilayəti istiqamətində sərhədin Rusiya hissəsindəki Mariinski buraxılış məntəqəsi vasitəsilə də gediş-gəlişin dayandırıldığı diqqətə çatdırılıb. Bu səbəbdən aidiyyəti qurum vətəndaşlara Rusiya-Qazaxıstan sərhədindən keçidi planlaşdırarkən tətbiq edilən bu məhdudiyyətləri mütləq nəzərə almağı məsləhət görür.