AZ

Rəşad Baxşəliyev son mənzilə yola salındı

Bu gün səhər saatlarında vəfat edən Vətən müharibəsi iştirakçısı, “Azərbaycan” qəzetinin şöbə redaktoru Rəşad Baxşəliyev son mənzilə yola salınıb. 

KONKRET.az xəbər verir ki, mərhum Abşeron rayonunun Masazır kənd qəbiristanlığında – anasının məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, iş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edənlər Rəşad Baxşəliyevin həm jurnalist kimi nümunəvi fəaliyyətindən, həm də döyüş meydanındakı şücaətindən söz açaraq, onun işıqlı xatirəsini ehtiramla yad ediblər.

Xatırladaq ki, Rəşad Füzuli oğlu Baxşəliyev 1978-ci ildə Yevlax rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər “Şərq” qəzetində çalışıb. 2012-ci ildən fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan “Azərbaycan” qəzetində davam etdirib. Qəzetin Beynəlxalq həyat, idman və informasiya şöbəsinin redaktoru olub. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi. 

R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Əmək fəaliyyətində peşəkarlığı və məsuliyyəti ilə seçilən R.Baxşəliyev “Tərəqqi” medalı ilə təltif edilib, “Azərbaycan mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına layiq görülüb.

Mərhumun iki övladı yadigar qalıb. Oğlu Kooperasiya Universitetinin tələbəsidir.\\“Yeni Sabah”

Allah rəhmət eləsin!

Seçilən
16
1
konkret.az

2Mənbələr