AZ

Hakan Fidan: İran-ABŞ danışıqları Pakistan vasitəsilə aparılır

İran və ABŞ arasında danışıqlar Pakistan vasitəsilə həyata keçirilir.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “A Haber” kanalına müsahibəsində bildirib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Fidan qeyd edib ki, tərəflər arasında mesajlar vasitəçilər üzərindən ötürülür və proses artıq aktiv mərhələyə keçib.

“Danışıqlar başlayıb və Pakistan vasitəsilə mesajlar ötürülür. ABŞ tərəfi ilə koordinasiya aparılır, İran tərəfi də bu proses barədə məlumatlandırılır”, – deyə o bildirib.

Nazir vurğulayıb ki, Türkiyə də danışıqlar prosesində aktiv iştirak edir və müxtəlif tərəflərlə, xüsusilə İranla uzun müzakirələr aparılır.

Onun sözlərinə görə, məqsəd tərəflərin mövqelərini və gözləntilərini daha yaxşı anlamaqdır.

Fidan əlavə edib ki, hazırkı danışıqlar müharibədən əvvəlki dövrlə müqayisədə fərqli mərhələdədir.

“İran üçün vəziyyət dəyişib. Əvvəllər danışıqlar müharibənin qarşısını almaq üçün aparılırdı, indi isə müharibə artıq baş verib və bu, tərəflərin şərtlərinə təsir edib”, – deyə o qeyd edib.

Seçilən
18
3
apa.az

4Mənbələr