AZ

Suriyanın Energetika Nazirliyi Ağa Xan Şəbəkəsi ilə əməkdaşlığa dair memorandum imzalayıb

Qahirə, 27 mart, AZƏRTAC

Suriyanın Energetika Nazirliyi ilə Ağa Xan İnkişaf Şəbəkəsi arasında Suriyada su və kanalizasiya layihələrinin həyata keçirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

AZƏRTAC Suriyanın SANA agentliyinə istinadla xəbər verir ki, Dəməşq şəhərində imzalanan sənəd Həma qubernatorluğunun Sələmiyyə şəhəri və rayonunda su infrastrukturunun inkişafına yönəlib. Layihələrə suötürücü xətlərin bərpası, nasos stansiyalarının və yeni su anbarlarının tikintisi, həmçinin suyun təmizlənməsi və bərpaolunan enerjidən istifadə daxildir.

Ağa Xan Şəbəkəsinin Suriyadakı nümayəndəsi Qatfan Əccub bildirib ki, layihə yerli icmaların dayanıqlı və təhlükəsiz içməli su ilə təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, təşkilat 2026–2027-ci illərdə Suriyada ümumi qiyməti 100 milyon avrodan çox olan layihələrin icrasını planlaşdırır.

Qeyd edək ki, Ağa Xan Fondu 2025-ci ildən etibarən Suriya hökuməti ilə əməkdaşlıq çərçivəsində su və kanalizasiya sahəsində bir sıra mühüm layihələr həyata keçirib. Bu layihələr yüz minlərlə vətəndaşın təhlükəsiz içməli suya çıxışını genişləndirib və su təchizatının etibarlılığını artırıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
18
1
azertag.az

2Mənbələr