“Azərbaycanın tamamına, Abşeron yarmadasına böyük həcmdə yağış yağması, ildən-ilə yağışlı günlərin artması əladı”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, dünyada ən böyük problemlərdən biri olan və getdikcə artacaq şirin suya çıxış imkanlarımızın artmasına xidmət edir, yəni normalda, yağışlı günlərin çox olmasına sevinməliyik:
Amma Bakı şəhərini, Abşeron yarmadasını elə bərbad günə qoyublar ki, yağış faciəyə çevrilir, insanlar üçün böyük çətinliklər yaradır.
Hökumətin ilk böyük səhvi Bakıda Sovetdən qalan yağış-kanalizasiya xəttlərinin dağıdılmasına göz yumması, hətta buna şərait yaratması oldu.
Bakıda kanalizasiya xəttləri ilə yanaşı, yağış sularının axıdılması üçün nəzərdə tutulan xəttlər də mövcud idi. Ötən əsrin sonu, 21-ci əsrin əvvəlində Bakıda görməmişcəsinə tikinti işlərinə start veriləndə, yüksək mərtəbəli binaların təməlləri qazılanda, əgər yağış suları üçün nəzərdə tutulan boru xəttləri maneçilik törədirdisə, onları kəsib adi kanalizasiya xəttlərinə birləşdirirdilər.
Görməmişcəsinə tikinti bumunun nəticəsi o oldu ki, cəmi 2 mln. əhali üçün nəzərdə tutulan kanalizasiya sistemi, indi 4 mln. əhaliyə xidmət etməli olur ki, bu da həddən artıq yüklənmə ilə nəticələnir, boru xəttləri, onların diametri və buraxılış gücü bu qədər əhaliyə dözmür, bir az da yağış yağanda Bakı göllər şəhərinə çevrilir.
Bundan başqa, kanalizasiya sisteminə qoşulmaq üçün texniki şərt, rüşvətlə alınan kağız parçasına çevrildi – elmi, texniki yanaşma olmadı”.
Natiq Cəfərli qeyd edib ki, Azərbaycanın yağmurlu bölgəyə çevrilməsi xoşbəxtlikdir, sadəcə tədbirli, vizionlu hökumət, işlək bir sistem lazımdır ki, bu dəyişikliyi ölkə üçün ciddi pozitiv fürsətə çevirsin...
"Cebheinfo.az"