Müəllif: Tamara Mustafayeva, Banco.az
Fransa yanacaq böhranı üçün 70 milyon avro yardım paketi ayırıb.
Banco.azxəbər verir ki, Fransada hökumət, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibədən sonra Hörmüz boğazında enerji axınının pozulması nəticəsində yaranan yanacaq böhranından ən çox zərər çəkən sahələr üçün 70 milyon avro məbləğində dəstək paketi açıqlayıb.
Təxminən dörd həftədir davam edən ABŞ–İsrail və İran müharibəsi səbəbindən artan yanacaq qiymətlərinə qarşı tədbir görən Fransa hökuməti, mümkün təchizat problemlərinə qarşı hədəfli dəstək proqramını tətbiq etməyə başlayıb.
Hökumət artan qiymətlər və təchizat riski fonunda prioritet sahələr üçün 70 milyon avroluq dəstək paketini elan edib. Bildirilib ki, yardımlar “yalnız aprel ayını əhatə edən, sahə üzrə yönəldilmiş, məqsədyönlü və mərhələli” şəkildə həyata keçiriləcək. Dəstəkdən yararlanacaq sahələrin avtomobil daşımaları, balıqçılıq və kənd təsərrüfatı olduğu açıqlanıb.
Fransa hökuməti milli enerji bazarlarında yarana biləcək böhranın qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində standartlara cavab verməyən yanacağın satışına da müvəqqəti icazə verib. Adətən qış aylarında paylanan yanacağın mənfi 15 dərəcəyə qədər istifadəyə yararlı olması tələb olunsa da, qəbul edilən qərarla bu hədd 0 dərəcəyə qaldırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!